XTQ-qaziləri Milli Qəhrəman Pəncəli Teymurovun anasını ziyarət etdilər
Noyabr ayının 10-da “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə Xüsusi Təyinatlı Qüvvələrin bir qrup qazisi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 7-Noyabr 2025-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adı verilən Pəncəli Teymurovun evini və məzarını ziyarət ediblər.
Ziyarətin məqsədi Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsini anmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin şəhid ailələrinə və qazilərə göstərilən mənəvi dəstəyi davam etdirmək olub.
Tədbir çərçivəsində qazilər Milli Qəhrəmanın anası Vahimə Teymurova ilə görüşüblər. Görüş zamanı şəhid anasına dərin hörmət və ehtiram əlaməti olaraq onun ayaqları altında iki qurban kəsilib. Qazilər bu addımı şəhid analarına olan minnətdarlığın və vətən uğrunda fədakarlığın simvolu kimi dəyərləndiriblər.
Vahimə Teymurova görüş zamanı oğlu Pəncəli Teymurovun uşaqlıq illəri, Vətənə bağlılığı və döyüş ruhundan danışaraq, qazilərə ziyarətlərinə görə təşəkkürünü bildirib. O, bu kimi səfərlərin şəhid ailələrinə mənəvi güc verdiyini vurğulayıb.
Daha sonra qazilər Milli Qəhrəmanın yaşadığı evi, hazırda onun adını daşıyan ev muzeyini və məzarını ziyarət ediblər. Onlar Pəncəli Teymurovun döyüş yolundan, qəhrəmanlıq nümunələrindən və vətənpərvərliyindən danışaraq, onun xatirəsinin daim uca tutulacağını bildiriblər.
Ziyarət zamanı qazilər həmçinin döyüş xatirələrini bölüşüb, birlik və həmrəylik ruhunun qorunmasının vacibliyini qeyd ediblər. Onlar vurğulayıblar ki, şəhidlərin və qazilərin qəhrəmanlıq yolu Azərbaycan Ordusunun şərəf salnaməsinin ən parlaq səhifələrindəndir.
Qazilər qeyd ediblər ki, Pəncəli Teymurov kimi igidlərin göstərdiyi şücaət bu gün gənc nəsil üçün örnəkdir. Onların fikrincə, belə tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirir və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Sonda tədbir iştirakçıları Milli Qəhrəmanın xatirəsinə ehtiram əlaməti olaraq məzar üzərinə gül dəstələri düzüb hərbi salam verib və dualar oxuyublar.