Xivədən Şuşaya uzanan QARDAŞLIQ: Türk birliyinə aparan YOL – Tənzilə Rüstəmxanlı yazır

Xiveden Susaya uzanan QARDASLIQ: Turk birliyine aparan YOL – Tenzile Rustemxanli yazir

İctimai fəaliyyətimlə əlaqədar dünyanın bir çox ölkəsinə səfərlər etmişəm. Vəzifəm Türk Dünyası ilə bağlı olduğundan qardaş ölkələrdə daha çox olmuşam. Təxminən bir il öncə, ötən ilin may ayında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı, rəhbəri olduğum Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti və Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış – Türk Dünyası Sammiti” keçirmişdik. Amma bütün bunlara rəğmən Özbəkistana indiki səfərim mənim üçün bir neçə baxımdan xüsusi dəyərə malikdir.

Əvvəla, bu, millət vəkili kimi ilk xarici səfərim idi. Dəfələrlə ölkədən kənarda tədbirlərə qatılsam da, rəsmi statusda ölkəni təmsil etmək ayrıca bir qürur hissidir. Bu baxımdan Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak edən nümayəndə heyətində olduğum üçün parlament rəhbərliyinə təşəkkürümü bildirirəm.

media-img-20241117-wa0003-960x640

Forumla bağlı təəssüratlarıma keçməzdən öncə qeyd edim ki, Özbəkistan Azərbaycanla böyük tarixi, milli, mədəni bağlılığı olan bir ölkədir. Azərbaycan-Özbəkistan qardaşlığı sovet dönəmində belə özünün yüksəliş dövrünü yaşayıb. Heydər Əliyev və Şərəf Rəşidov arasında olan qardaşlıq münasibətləri ikitərəfli əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradıb.

Heydər Əliyev hər zaman özbək xalqının dostu olub. Özbək dostlarımız etiraf edirlər ki, hətta qondarma “pambıq işi” ilə əlaqədar ağır günlərində də Heydər Əliyev Özbəkistanın dostu olaraq qaldı. Onun Özbəkistanda baş verən proseslərə həssaslıqla yanaşması, Moskvada yüksək dövlət vəzifəsi tutmasına baxmayaraq, hazırlanan provokasiya və repressiyalar barəsində Şərəf Rəşidovu xəbərdar etməsi özbək xalqının unutmadığı tarixdir.

Bu gün iki ölkənin prezidentləri arasındakı səmimi münasibətlər iki qardaş xalqın yeni tarixinin möhkəm təməlidir. Biz həm də özbək qardaşlarımızla eyni ağrını bölüşmüşük. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sürgün edilib və orada sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər.

Bu gün 100 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi inkişafında fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı müxtəlif sahələrdə ayrı-seçkiliyin ağrısını yaşayıblar.

1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütyun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırım törədilib. Üç gün ərzində bu şəhərdə 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb.

Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir. Bütün bu tale və milli kök ortaqlığı Özbəkistanda hər addımda hiss olunur.

Foruma gəldikdə isə tədbirin keçirildiyi Xivə şəhəri də hər birimizin yaddaşında silinməz iz buraxdı. Bizim mənəvi ruh paytaxtımız olan Şuşa ilə qardaşlaşmış şəhər – Xivə Mərkəzi Asiyanın ən bərəkətli, yaşıl Xarəzm vadisində yerləşir. 2500 ildən artıq yaşı olan Xivə klassik Şərq üslubunun bütün gözəlliklərini özündə saxlamaqla bərabər, həm də müasir şəhərdir.

Forumun rəsmi hissəsindən kənar Azərbaycan nümayəndə heyətinin tarixi Xivə ilə tanışlığı ayrıca xoş təsir bağışladı. Bu məsələdə Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın bizə göstərdiyi qayğı və diqqət xüsusi qeyd olunmalıdır. Məhz onun birbaşa iştirakı ilə 25 hektar ərazidə tikilmiş Arda Xivə kompleksi, “Nurullaboy” saray kompleksi ilə tanışlıq oldu.

Məlumat üçün onu da bildirim ki, Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur. Bu fakt təkcə parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyil, həm də ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. Bu rəsmi müzakirələrdə də özünü göstərdi.

Forum çərçivəsində keçirilən müzakirələrdə həm Azərbaycandan, həm də Özbəkistandan olan millət vəkilləri çıxışlarında bu haqda geniş danışdılar. Forumun birinci panel sessiyası Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə “Strateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə əldə olunmuş razılaşmalar və onların həyata keçirilməsinə nəzarət” mövzusunda keçirildi.

“İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar” mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq etdi.

Deputat Bəxtiyar Əliyevin moderatorluğu ilə “Əqli kapital və rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda üçüncü, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə “Mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq” mövzusunda dördüncü panel müzakirələr aparıldı.

Beşinci yığıncaq “Yaşıl gələcək: ətraf mühitin mühafizəsində və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu” mövzusuna həsr olundu.

Forumun sonuncu – altıncı panel yığıncağında isə “Cəmiyyətin və dövlətin inkişafında qadınların və gənclərin səsi: parlament perspektivi” mövzusunda müzakirə olundu. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu müzakirənin aparıcısı idi.

Bundan başqa nümayəndə heyətlərinin qadın deputatları arasında ayrıca görüş keçirildi. Mənimlə yanaşı Fatma Yıldırım, Könül Nurullayeva və Günay Əfəndiyevanın iştirak etdiyi bu görüşdə Özbəkistan Ali Məclisi Senatının üzvləri ilə çox səmimi söhbətimiz oldu. Bu kimi görüşlərdə özbək və Azərbaycan türkcəsində danışır və bir-birimizi gözəl anlayırdıq.

Yeri gəlmişkən, həm Azərbaycan, həm də Özbəkistan parlament rəhbərinin xanım olmaları qədim türk dövlət gələnəyində belə xanımların yüksək mövqe tutduğunun çağımızda təsdiqidir. Bu fakt dünya üçün də türk düşüncəsi baxımından bir örnək olmalıdır.

Forumun həm rəsmi hissəsində, həm də qeyri-rəsmi söhbətlərdə Azərbaycan parlamentinin spikeri Sahibə xanımın və Özbəkistan qanunverici orqanının rəhbəri Tənzilə xanımın həm insani, həm də dövlət xadimi kimi özlərini göstərməsi bizdə qürur hissi yaratdı.

Bir məqamı da qeyd edim ki, bu səfərədək Milli Məclisin sədri Sahibə xanımın parlamentə yüksək səviyyədə rəhbərlik etməsinin şahidi olmuşdum. Onun müxtəlif xarici səfərləri və Bakıda keçirdiyi diplomatik görüşləri ilə millət vəkili olaraq qürur duymuşdum.

Özbəkistanda Azərbaycanın xanım spikerinin yüksək diplomatik bacarığının, dövlət xadiminə yaraşan davranışlarının və böyük intellektual bazaya söykənən natiqliyinin şəxsən şahidi oldum. Hörmətli spikerin bu tədbirdə göstərdiyi mövqe parlament sədri seçiminin nə qədər doğru və yerində olduğunu bir daha təsdiqlədi.

Forumun işçi dili rus dili idi. Buna baxmayaraq Sahibə xanım açılış nitqində hər tədbir iştirakçısını Azərbaycan dilində salamladı, giriş çıxışını doğma dilimizdə etdi və yalnız bundan sonra işçi dilə keçdi. Bu çox qürurverici bir hadisə idi.

Onun çıxışında dövlətlərarası münasibətlərlə bərabər xalqların yaxınlığını, bir kökdən – türk kökündən gəlməyimizi vurğulaması da ayrıca bir mesaj idi. Xanım spikerin bu fikri və ümumiyyətlə forumda olan çıxışların real təsdiqi isə Özbəkistan Prezidentinin ölkəmizə son səfərində bir daha özünü göstərdi. Bu görüşlər Türk birliyinə gedən yolun təməl daşlarıdır və Azərbaycan bu birliyi sağlayan yol başçılarından biridir.