“Vətənpərvərlik gənclərin mənəvi dayağıdır” - Müqamət Əliyev / FOTOLAR
Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) sədri Müqamət Əliyev (Muğan) Azərbaycan gənclərinin milli ruhda formalaşmasının vacibliyini vurğulayıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, 1990-cı il 20 Yanvar hadisələrindən sonra qarşıya qoyulan əsas məqsəd gəncləri fiziki, psixoloji, ideoloji və vətənpərvərlik ruhunda tərbiyə etmək, onları hər an Vətəni qorumağa hazır, şüurlu və cəsur vətəndaşlar kimi yetişdirmək olub.
“Buna nail olmaq istiqamətində Gənc Vətənpərvərlər İctimai Birliyinin fəaliyyəti xüsusilə seçilib. N saylı hərbi hissələrdə, Biləcəri toplanış məntəqələrində, eləcə də 1999–2001-ci illərdə Nizami muzeyinin qarşısında DİN-in ‘Dinamo’ cəmiyyətinin karate üzrə idmançıları və mənim dərs verdiyim gənclər özünü müdafiə fənlərini nümayiş etdirərək, Müdafiə Nazirliyinin hərbi orkestrinin iştirakı ilə ‘İşğalda olan torpaqlarımızı azad edək’ şüarı altında yürüşlər təşkil ediblər. Bu tədbirlər gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə böyük təsir göstərib,” – deyə Müqamət Əliyev bildirib.
QHT sədr vurğulayıb ki, ehtiyatda olan zabit və qalib ölkənin vətəndaşı kimi fəxrlə söyləmək olar: Azərbaycanın ərazi bütövlüyü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, nizami ordumuzun peşəkarlığı və xalqın birliyi sayəsində təmin olunub.
“27 sentyabrda mən və birliyin üzvləri zabit kimi döyüşə getmək üçün Səfərbərlik Xidmətinə müraciət etdik. Üzvlərimizdən biri, Aidə Hüseynova hazırda Suraxanı Rayon İcra Hakimiyyətində çalışır. Biz Vətən üçün hər zaman xidmətə hazırıq,” – deyə o əlavə edib.
Müqamət Əliyev bildirib ki, QHT-lər bu istiqamətdə həyata keçirdikləri layihələrdə 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında məlumatları gənclərə çatdırmalı, qəhrəmanların igidlik hekayələrini təbliğ etməlidirlər.
“Hər bir QHT layihədən layihə gözləməməli, mütəmadi olaraq vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərin aşılanması istiqamətində fəaliyyət göstərməlidir. Dinindən, dilindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs suverenliyimizi və ərazi bütövlüyümüzü göz bəbəyi kimi qorumalıdır. Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqının vətənpərvərliyinə!”




