Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edə biləcəklər

DİN-in Mətbuat Xidmətindən Zeferinfo.az-a bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.
Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.