Türk Qızıl Aypara Şəbəkəsinin iclasında “Bakı bəyannaməsi” imzalandı
19 noyabr 2025-ci il tarixində Bakı şəhəri Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısına ev sahibliyi edib.
Zeferinfo.az xəbər verir ki, Türk Qızıl Aypara Şəbəkəsinə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli cəmiyyətləri daxildir. Tədbirə Türkmənistan və Şimali Kipr Qızıl Cəmiyyətləri müşahidəçi qismində qatılıb.
Proqram iştirakçıların ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsinə ehtiram olaraq Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət etməsi ilə başlayıb.
TDT-yə üzv dövlətlərin Qızıl Aypara Cəmiyyətlərinin prezidentlər şurasının iştirakı ilə keçirilən toplantıda 2025-ci il üzrə fəaliyyətlərin yekun icmalı təqdim edilib, 2026-cı il üçün strateji istiqamətlər müəyyənləşdirilib. Qeyd edək ki, ötən il Bişkekdə keçirilən görüşdə Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunub və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyətinə həvalə edilib. Bu il keçirilən növbəti toplantıda sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib.
Toplantının əsas məqsədi TQŞ-in 2025-ci il üzrə fəaliyyətlərinin geniş təhlili, üzv Milli Cəmiyyətlər arasında humanitar sahədə əməkdaşlıq üzrə əldə olunmuş nəticələrin qiymətləndirilməsi və 2026-cı il üçün Fəaliyyət Planının formalaşdırılması olub. Görüş çərçivəsində qəbul olunacaq qərarlar gələn il həyata keçiriləcək birgə təşəbbüslərə strateji çərçivə müəyyən edəcək.
Tədbirin ilk sessiyasında iştirakçılara 2025-ci ildə icra olunan layihələr, regional tərəfdaşlıq formatları və üzv Milli Cəmiyyətlər arasında humanitar koordinasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş təqdimat edilib.
İkinci sessiya 2026-cı il üçün uzunmüddətli hədəflərin, prioritet fəaliyyət istiqamətlərinin və birgə öhdəliklərin müzakirəsinə həsr olunub. 2026-cı il üzrə Strateji Yol Xəritəsi Sorğusunun nəticələri nəzərə alınmaqla Milli Cəmiyyət rəhbərləri iqlim dəyişiklikləri, fəlakətə hazırlıq və müdaxilə, innovasiya, rəqəmsallaşma və könüllülərlə iş kimi tematik istiqamətlərin gələn ilin fəaliyyət planına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu müzakirələrin 2026-cı ildə Türkiyədə keçiriləcək TDT Zirvə Bəyannaməsinin humanitar bölməsinin hazırlanmasına töhfə verməsi nəzərdə tutulur.
Rəsmi açılış mərasimində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Millət vəkili Novruz Aslanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türk Kızılay Başkanı Prof. Dr. Fatma Meriç Yılmaz, Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Çingiz Çakıpov, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi və digər milli cəmiyyət rəhbərləri çıxış ediblər.
Sonrakı bölümdə Türkiyə Qızıl Ay Cəmiyyətinin təmsilçisi Banu Ertuğrul tərəfindən 2025-ci il üzrə Türk Qızıl Aypara Şəbəkəsi İcmalı təqdim olunub. Ardınca Türk Qızıl Ayının Beynəlxalq Əlaqələr və Miqrasiya üzrə Baş direktoru Alper Küçük TQŞ-in 2026-cı il üçün Strateji Yol Xəritəsinə dair təqdimatla çıxış edib.
Tədbir üzv Milli Cəmiyyətlər arasında əməkdaşlıq və həmrəyliyi təsdiq edən Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsinin imzalanması ilə başa çatıb. Sonda xatirə fotosu çəkilib və rəsmi hədiyyələr təqdim olunub.