Tibb mütəxəssisləri sertifikasiya şəhadətnaməsi üçün 5 ildə bir dəfə imtahan verəcəklər

Tibb mutexessisleri sertifikasiya sehadetnamesi ucun 5 ilde bir defe imtahan verecekler

Vətəndaşların tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ dəyişir.

Zeferinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Mövcud qanunvericiliyə əsasən, fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Bundan əlavə, tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilməsi tələbi aradan qaldırılır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək.

DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçiriləcək.

DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

DPİ üzrə 5 il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) veriləcək. Şəhadətnamə 5 il müddətində etibarlı olacaq. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməli olacaqlar.

Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq. Sınaq imtahanında iştirak könüllü olacaq və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməz hesab ediləcək.

Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən 5 il müddətində şəhadətnamə tələb olunmayacaq.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə biləcək.