Şəhidi təhqir edənləri hansı cəza gözləyir? — Elyar İslamoğlundan YENİ TƏKLİF

Video yayıldıqdan az müddət keçməmiş Azərbaycan polisi dərhal hüquqi addımlar atdı.Xoşagəlməz görüntünü çəkib,yayan şəxslər saxlanıldı. İndi müzakirə mövzusu həmin şəxslərin hansı cəza alacağı məsələsidir.
Polis işini gördü.Cəmiyyətin kəskin reaksiyası nəzərə alındı və hər zaman olduğu kimi DİN əməkdaşları çevik reaksiya verdilər.Burada müzakirə olunacaq bir məsələ yoxdur. Bəs,növbəti addımlar nə olacaq,yaxud olmalıdır?
Mövzu ilə bağlı Şəhid mayor Vüsal Vəliyevin qardaşı, ictimai fəal Elyar İslamoğlu da mövqeyini bildirib.
Zeferinfo.az xəbər verir ki, Elyar islamoğlu bildirib ki, bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.
"Ali Baş Komandanın və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. Amma şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur.
Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir.
Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir.
Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin",-deyə Elyar islamoğlu bildirib.