Zamanında dini qonşumuz olan İran İslam Respublikası ilə də qısa müddətli soyuqluq yaşanıb, sonda haqlı tələblərimiz qəbul olunub. Məsələn, sonuncu fakt kimi Tehrandakı səfirliyimizə silahlı hücumu həyata keçirən şəxsin cəzalanması buna bir sübutdur. Yaxud Avropanın aparıcı dövlətlərindən biri olan Fransa ilə də ciddi problemlər yaşanıb. Yelisey sarayı da artıq reallığı və Azərbaycana yuxarıdan aşağı baxmağın yanlış yol olduğunu qəbul etməkdədir. Kremllə heç arzuedilməz gərginlik isə nəinki uzun sürür, həm də qarşı tərəf yeni əməlləri ilə bu gərginliyi bir qədər də artırır.
Mən bu prosesdə lazım olduğundan artıq antirusiyaçı olub radikallığın da tərəfdarı deyiləm (illər boyu milli mövqedən, türklük, turançılıq ideyalarına bağlılığım zatən Rusiyaya münasibətimin açıq ifadəsidir), amma bu o demək deyil ki, Azərbaycan ictimaiyyəti, xüsusən ziyalılar rus şovinist çıxışlarını cavabsız buraxmalıdır. Rusiyaya və ruslara gerçək kimliklərini anlatmağın tam zamanıdır. Ən əvvəl onu başa düşsünlər ki, hazırda Azərbaycan–Rusiya münasibətləri zəminində yaşanan gərginlik, Rusiyada azərbaycanlılara qarşı start verilmiş etnik təmizləmə siyasəti rus dövlətinin və ictimai rəyinin acizlik nişanəsidir. Bu tendensiya fonunda zatulinlərin, peskovların Azərbaycanı müttəfiqliyə sadiq qalmamaqda günahlandırmaları da həmçinin. Əsl müttəfiqlik bərabərtərəfli münasibətlərdən qaynaqlanmalıdır. Azərbaycan və Rusiya arasında 2022-ci ildə imzalanmış sənəddə də belə qeyd olunub. Həmin bəyannamədə müttəfiqliyin konkret parametrləri açıqlanıb.
Əgər həmin parametrlər Rusiyanın anlayışında yalnız kağız parçası olmasaydı, ölkə ötən ilin dekabrında Qroznu səmasında vurduğu Azərbaycan təyyarəsinə görə məsuliyyəti öz üzərinə götürər, kompensasiyanın ödənməsini təmin edər, rəsmi şəkildə üzr istəyib günahkarları cəzalandırardı. Amma bunların heç birini etmədi. Əvəzində Rusiya ictimai rəyinin və mediasının təyyarə olayı ilə bağlı hər cür sərsəmliyə baş vurduğunu, mənasız versiyaları uydurduğunu, bu da azmış kimi Rusiyada yaşayan soydaşlarımızı kütləvi şəkildə hədəf aldıqlarını gördük. Bütün bunların fonunda Azərbaycana qarşı hədyanlar yağdırıldığını da.
Halbuki, problemin çox sadə həll yolu ola bilərdi. Bunun üçün sadəcə proseslərə kobudluq ilə yox, normal diplomatik reallıqlar çərçivəsində baxmaq kifayət idi. Tarix göstərir ki, Kreml bunu bacarmır. Müttəfiqlik yalnız rus dövlətinin deyil, eləcə də ictimai fikrinin anlayışında vassallıq kimi qəbul edilib. Daha doğrusu, Rusiya müttəfiq kimi qələmə verdiyi ölkəni özünün təbəəsi qiyafəsində görüb. Fikrimizin ən yaxşı örnəyi elə keçmiş SSRİ-nin özü, dövlətin strukturudur. Axı Rusiyanın hakim rol oynadığı bu imperiya müttəfiq respublikaların birliyi sayılsa da, birlik anlayışı yalnız sözdə idi. Birincisi, hakim rus idarəçiliyi həmin respublikalara qurama strukturlar, ucqarlar olaraq yanaşır, onlardakı milli hissləri boğur, repressiyalar, qətllər törədirdi. İkincisi, SSRİ-nin ali rəhbərliyi müttəfiq respublikaların bir-biriləri ilə həqiqi dostluq münasibətləri saxlamalarına, əməkdaşlıqlarına imkan vermir, düşmənçilik toxumları səpir, imperiyalara xas ənənəvi “parçala və hökm sür” siyasəti yürüdürdü.
Bütün zamanlarda bölgədə ruslarla ən yaxın və konfliktsiz münasibətdə olan Azərbaycan türkləri olub. Mən Qərbi Azərbaycanda ermənilərin hələ sovet dönəmində rus dilinə nə qədər nifrətlə yanaşdığının şahidiyəm. Halbuki, o vaxt Azərbaycanda nəinki dövlət orqanlarında, hətta küçədə də rus dilində danışmaq avantaj sayılırdı. Elə bu gün də, rusdilli məktəblərin qorunub saxlandığı ölkə kimi Azərbaycan seçilir. Biz bir xalq olaraq 20 yanvar faciəsinin, Xocalı soyqırımının, Qarabağın işğalının arxasında birbaşa rus hərb maşınının durduğunu bilə bilə Rusiyaya “gor qonşusu” kimi baxıb müttəfiqlik prinsipinə sadiq qalmışıq.
Bütün bunlara qarşılıq bu gün Kremldən Azərbaycana yönəlik siyasət nə qonşuluğa, nə siyasətə, nə də dövlətçiliyə sığır. Bax elə buradaca mütləq qeyd etmək lazımdır ki, özlərini böyük dövlətçilik tarixinə malik, imperiya xalqı kimi təqdim edən ruslar yanılırlar. Rusiyanın dövlət olaraq elə bir qədim tarixi yoxdur. Yalnız 16-cı əsrdən bəri Rusiya xırda feudal dövlət kimi formalaşmağa başlayıb. Rusiyada dövlətçiliyin formalaşmasında türk-müsəlman birliyinin təsiri çox güclü olub. O ki qaldı imperiya qurmağa.
Ruslar imperiya qurmaq zəkasından da məhrum olublar. Onların imperiya adlandırdıqları əslində elə gerçəkdən “xalqlar həbsxanası” olub. Yüz illərlə Yaxın və Orta Şərqdə tək söz sahibi olan Osmanlı İmperiyası nümunəsi var ortada.
İmperiyanı türk milləti qursa da ərəb, kürd, laz və onlarla millətlər nəinki öz milli kimliklərini saxladı, hətta dövlət idarəçiliyində önəmli vəzifələr tutdu. İmperiya qurub, onu idarə etmək gücündə olan millət özünü o qədər böyük bilir ki, digər millətlərin assimlyasiya olunmasına səbəb görmür. Ruslar bir xalq olaraq heç zaman bu cəsarətdə olmadılar! Adi bir fakt: 1917-ci ilə qədər Rusiyada 196 xalq yaşayırdı, sovet hakimiyyətindən sonra yüzə qədəri qalıb.
Qalanlarını bolşeviklər sadəcə olaraq siyahıdan sildilər və ya rusların üstünə yazıblar. Bununla da yetinməyib türk adları, soyadları ruslaşdırılıb (Halbuki, dövlət qurmağı, sivil həyat tərzini Qızıl Orda türk dövlətindən öyrəndiklərini özləri belə etiraf edir). Bu əslində sadəcə siyasi hakimiyyətin yox, keçmiş əsrlərdən bəri türkün canlı tarixini yox edən məhz rus tarixşünasları, ədəbiyyatşünaslarının “əsər”i idi.
“Böyük rus şovinizmi” rus xalqını “sivilizasiya daşıyıcısı” kimi təqdim edir və digər xalqları tabe etnoslar, mədəniyyətə ehtiyacı olan toplumlar kimi təsvir edir. Assimilyasiya, dil və mədəniyyətin sıxışdırılması, qeyri etnosların kimliyinin silinməsi ancaq və ancaq milli kimlik zəifliyindən irəli gəlir.
Necə ki, bu gün Kreml ideoloqlarının Azərbaycanın haqlı tavrına qarşı hədyanları da eyni cılızlığın tərkib hissəsidir. Müasir Rusiyada “böyük rus şovinizmi” təkcə daxili ideoloji xətt deyil, həm də Moskvanın xarici siyasətində mühüm alətə çevrilib. İdeoloji əsasda rus xalqının “sivilizasiya missiyası”nı vurğulayan bu baxış digər xalqları ya tabeliyə salınmalı, ya da “təhlükə” kimi neytrallaşdırılmalı subyektlər kimi görür. Bu siyasət Cənubi Qafqaz ölkələri – Ermənistan, Gürcüstan və Azərbaycana da yönəlib.
Ermənistan Rusiyanın ənənəvi forpostu kimi şovinizmin təsir dairəsindəki ilk həlqə idi. Rusiya bu ölkəni öz siyasi orbitində saxlayaraq onu regional siyasətdə alətə çevirmişdi. Bu gün Ermənistanın Rusiya orbitindən çıxma cəhdləri dərhal daxildə gərginlik və Moskvadan təzyiqlə qarşılanır.
Rusiya Ermənistanın sözdə “özünün ən yaxın müttəfiqinin” müstəqil çıxış ritorikasını “nankorluq” kimi qiymətləndirir. Gürcüstan isə artıq bu şovinizmin hərbi hədəfinə çevrilib. 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın işğalı, bu bölgələrin “müstəqil” tanınması rus imperiya siyasətinin Gürcüstan üzərində təhdidlərinin real təzahürüdür. Rusiya burada açıq şəkildə “təhlükəsizlik zonası” yaratmaq adı ilə suveren dövlətin ərazisini işğal etdi və bu təcavüz şovinizmin hərbi xarakterini ortaya qoydu.
Azərbaycanla bağlı da durum ortadadır. Dövlətimizin ərazi bütövlüyünü təmin etməsi ilə Qarabağ təsirindən çıxması, suveren xarici siyasəti, türklük kimliyi və qlobal iqtisadi əməkdaşlığı ilə Moskva üçün ciddi narahatlıq doğurur. “Böyük rus” ideologiyası imperiyanın keçmiş sərhədlərinə qayıdışı əsaslandırmağa çalışır. Cənubi Qafqaz isə bu xəritənin “tarixi” hissəsi kimi təqdim olunur. Bu baxış bölgə üçün təkcə diplomatik təzyiqlər deyil, gələcəkdə hərbi təhlükələr də yaradır. Beləliklə, müasir Rusiya şovinizmi təkcə ideologiya deyil, həmdə dünya sülhü üçün real təhlükədir.