QMİ sədri Keyptaun Forumunun açılış plenar iclasında iştirak və çıxış etdi

Bu barədə Zeferinfo.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, G20 Dinlərarası Forumun Prezidenti Kol Dürham tərəfindən dəvət olunmuş QMİ sədri Keyptaun Forumunun açılış plenar iclasında iştirak və çıxış edib. Forum çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra görüşlər keçirib.
Şeyxülislam A. Paşazadə ilə görüşən Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri dr.İbrahim Salih əl-Nəimi Azərbaycanın dinlərarası və məzhəblərarası modelinin olduqca uğurlu olub, bütün dünya üçün dəyərli örnək olduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin müsəlman dünyası üçün önəminə toxunub. A.Paşazadə Azərbaycan-Qətər əlaqələrinin bütün sahələrdə, o cümlədən, dini-mənəvi sahədə inkişafından məmnunluğunu dilə gətirdi. Bildirdi ki, dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi ilə səmərəli əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
QMİ sədri Şeyxülislam A.Paşazadə BMT Baş Katibinin sabiq müavini, Soyqırırımlarla Mübarizə üzrə Ali Komissar olmuş, hazırda Müsəlman Ağsaqqalları Şurası (MAŞ) Baş Katibinin müşaviri Adama Dienq və MAŞ Baş Katibinin məsləhətçisi Məhəmməd Bəhr ilə görüşmüşdür. Azərbaycanın multikultural modelinin dəyərli təcrübə olduğunu qeyd edən həmsöhbətlər Bəhreyndə keçirilən İslamdaxili dialoqa dair Yekun Sənədin bünövrəsində məhz Azərbaycanın uğurlu məzhəblərarası anlaşma modelinin durduğunu xüsusi vurğuladılar. Əlavə etdilər ki, Azərbaycan bu modeli ilə qürur duymağı haqq edir. Söhbət zamanı Azərbaycanda sünnilərlə şiələrin eyni məsciddə namaz qılması, Azanların eyni vaxtda verilməsinin böyük nailiyyət və dəyər olaraq təqdir edən, Azərbaycanın uğurlarına sevindiyini bildirən cənab A. Dienq Azərbaycana Qarabağ Zəfərindən sonra təşrif buyurmaq şərəfinə malik olduğunu və bu reallıqları şəxsən müşahidə etdiyini bildirdi. Şeyxülislam A. Paşazadə Vaşinqtonda Azərbaycan-Ermənistan arasında anlaşma münasibətilə MAŞ rəhbəri Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin təbrikinə görə dərin təşəkkürlərini yetirməyi cənab A. Diyenqdən rica etdi. QMİ sədri A. Paşazadə Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin dəyərli fəaliyyətlərinin dünyada dinlərarası əməkdaşlıq, İslam ümməti daxilində anlaşma, İslamdaxili dialoq üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı.
Şeyxülislam A. Paşazadə Forumda iştirak edən Özbəkistan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan Prezidentinin ictimai-siyasi inkişaf üzrə müşaviri Ruslanbek Davletov və Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilov ilə səmimi şəraitdə keçən görüşdə qardaş, müttəfiq Azərbaycan və Özbəkistan arasında dini-mənəvi əlaqələrin dərinləşməsinin önəmi vurğulandı, qarşıdakı perspektivlər müzakirə olundu. Qardaş xalqlarımız arasında tarixi bağların, ortaq dəyərlərin həyatın bütün sahələrində əlaqələrin genişlənməsindən, müdrik dövlət rəhbərlərimizin əsl qardaşlıq mahiyyətli səmimi münasibətlərindən, dövlətlərimiz arasında münasibətlərin müttəfiqlik zirvəsinə yüksəlməsindən danışan həmsöhbətlər bunu böyük dəyər kimi qiymətləndirdilər. Özbəkistan rəsmiləri Şeyxülislam A. Paşazadə şəxsiyyətinin ölkələrində xalq arasında və dövlət başçısı səviyyəsində böyük ehtiramla qarşılandığını diqqətə çatdırdılar. Şeyxülislam A. Paşazadə yeni müşavir R. Davletova qarşıdakı fəaliyyətində, Muzaffar Kamilova yeni vəzifəsində uğurlar dilədi. Görüşün sonunda Şeyxülislam A. Paşazadə Azərbaycan və Özbəkistan xalqları və dövlətləri üçün dualar edib.
ABŞ Dövlət Departamentinin Dini Azadlıqlar Komissiyasının komissarı cənab Məhəmməd Elsanusi ilə görüşdə ABŞ vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində qazanılan uğur barədə danışılıb, ABŞ Prezidenti cənab Donald Trampın rolu vurğulanıb. Cənab Elsanusi Azərbaycanın dünyada dinlərarası dialoq və əməkdaşlıq müstəvisində fəal rolunu vurğulayaraq, Bakıda keçirilən Dini Liderlərin II Sammitində və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etdiyini qeyd etmişdir. Azərbaycandakı dini konfessiyaların ABŞ-a səfəri və Dini Azadlıqlar Komissiyası ilə ünsiyyət perspektivi müzakirə edilib. Bu əsnada, Şeyxülislam A. Paşazadə dini azadlıqlara dair hesabatlar hazırlanarkən Azərbaycandakı reallıqlara əsaslanmanın vacibliyinə vurğu etdi.
G20 Dinlərarası Forumda ölkəmizi təmsil edən Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov görüşlərdə iştirak ediblər.
G20 Dinlərarası Forumu öz işini davam etdirir.


