QMİ nümayəndə heyəti Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyini ziyarət etdi

QMI numayende heyeti Ozbekistan Respublikasinin olkemizdeki sefirliyini ziyaret etdi

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla QMİ nümayəndə heyəti Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edib.

Bu barədə Zeferinfo.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtımızın gözəl güşəsində Özbəkistan səfirliyinin yeni binasına gələn Şeyxülislam A.Paşazadəni Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanov səmimiyyətlə qarşıladı.
​Səfirliyin binası ilə tanış olan Şeyxülislam A.Paşazadə qardaş ölkənin diplomatik missiyasında Qurandan ayələr oxudu, dualar etdi, səfir B.Aşrafxanov cənabları başda olmaqla səfirliyin əməkdaşlarına ən xoş arzularını ifadə edərək onlara qarşıdakı fəaliyyətlərində uğurlar dilədi.
​Şeyxülislam A.Paşazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin səmimi qardaşlıq münasibətlərinin xalqlarımız, dövlətlərimiz arasında dostluq, qardaşlıq, həyatın bütün sahələrində yüksək əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük təkan və mühüm töhfələr verdiyini məmnunluqla vurğuladı. Dövlət rəhbərlərimizin qarşılıqlı səfərlərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etməsinə toxunan Şeyxülislam A. Paşazadə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənabları ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev cənablarının qardaş ölkənin səfirliyinin Bakıda yeni binasının açılışında iştiraklarını xüsusi önəm kəsb edən hadisə kimi dəyərləndirdi. Bildirdi ki, qardaş dövlətlərimiz arasında münasibətlərin müttəfiqlik zirvəsinə yüksəldilməsi Uca Allaha xoş gedən əməldir.
​Şeyxülislam A. Paşazadə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Şavkat Mirziyoyevin bu günə təsadüf edən doğum günü münasibətilə təbrik məktubunu qardaş ölkənin səfirinə təqdim etdi. Məktubda vurğulanır ki, zəngin mənəvi irsə istinad edən, onu hər zaman qayğı ilə qoruyub saxlayan, Mərkəzi Asiyanın qəlbi, bütün İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistanla tarixən mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır: “Səmimi qəlbdən arzu edirəm ki, dost, qardaş, müttəfiq xalqlarımız və dövlətlərimiz arasında həyatın bütün sahələrində mövcud yüksək səviyyəli, qarşılıqlı fayda kəsb edən əlaqələr ümumi mənafelərimiz naminə daha da inkişaf etsin, inşallah!”.
​ Şeyxülislam A.Paşazadə Səfirliyin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı.