Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin roluna həsr olunan forum keçirilib

Zeferinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən forumda dövlət rəsmiləri, deputatlar, Qərbi Azərbaycan İcmasının (QAİ) üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.
Forumda açılış nitqləri ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, QAİ İdarə Heyətinin sədri, parlamentin üzvü Əziz Ələkbərli və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimovanın nitqlərində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dövlət siyasətindəki yeri, bu istiqamətdə gənc müəllimlərin üzərinə düşən vəzifələr vurğulanıb.
Rəsmi açılışdan sonra forum öz işini panellərlə davam etdirib.
“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Müzakirələrdə Gənclər və idman komitəsi ilə QAİ Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, QAİ İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.
II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı, paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, müəllimlər Flora Osmanova və Ramil Tanrıverdi çıxış ediblər.
Ardınca “Qərbi Azərbaycana Qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.
Yekunda forumun qətnaməsi oxunub.