Qarabağda yeni dövr BAŞLAYIR

Qarabagda yeni dovr BASLAYIR

44 günlük müharibədən sonra Azərbaycan dövlətinin azad edilən ərazilərdə start verdiyi quruculuq işləri yeni mərhələyə daxil olmaqdadır. Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixli sərəncamı ilə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanmasına başlanılıb. Bu isə o deməkdir ki, daha öncə qəbul edilən sənədlərdə nəzərdə tutulan vəzifələr yerinə yetirilib, odur ki, Qarabağ və Şərqi Zəngəzurla bağlı növbəti proqramların icrasına keçmək üçün zəmin yaranır.

Dünya ağır bir dönəm keçirir. Qlobal iqtisadi qütbləşmə dərinləşir, texnoloji tərəqqi sürətlənsə də, bir çox hallarda ondan neqativ şəkildə istifadə edilir, süni intellekt əsaslı texnologiyalar müxtəlif sferlarda geniş tətbiq olunmağa başlayır və bəzən müəyyən fəsadlar verir.

Paralel olaraq bu və ya digər regionlarda münaqişələr alovlanır, geosiyasi maraqlar iqtisadi tərəqqi meyarlarından önə keçir, nəticədə, iqtisadi böhran yaradılır, milli dövlətlərin büdcələrinə milyardlarla ziyan dəyir.

Belə bir ağır dövrdə Prezident İlham Əliyev tərəfindən azad edilən ərazilərdə bərpa işlərinin davam etdirilməsi və bu məqsədlə 2025-ci il büdcəsində 4 milyard manat vəsaitin nəzərdə tutulması Azərbaycanın postmüharibə reallıqlarına çevik adaptasiya edə bildiyini göstərir.

Hər kəs müşahidə edə bilər ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesi 2 istiqamətdə gedir: 1.Bərpa işləri, 2.Qayıdış. Ötən 4 il ərzində hər iki istiqamətdə atılan addımları izləyən xarici müşahidəçilər dünyanın heç bir ölkəsində bu sürətlə yenidənqurma işlərinin aparılmadığını etiraf edirlər.

Dediklərimizi indiyə qədər icra olunan layihələrin statistikası da təsdiqləyir.

-“Böyük Qayıdışa dair I Dövlət Proqramı” təqribən 79 faiz icra olunub;

-2025-ci il də daxil olmaq şərti ilə azad olunmuş ərazilərin bərpasına 21,6 milyard manat vəsait qoyulub;

-azad edilən ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb;

-hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir;

-21 yaşayış məntəqəsinin təməli qoyulub.

İşğaldan azad edilən ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmini istiqamətində görülən işlər birmənalı şəkildə onu deməyə əsas verir ki, Böyük Qayıdış prosesi Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsidir.

Proses hər gün davam edir və əhali artıq istifadəyə hazır bölgələrdə daimi məskunlaşır. Məsələn, son statistik məlumatlarda deyilir ki, iyun ayının əvvəllərinə qədər azad edilən bölgələrə 2615 ailə, yəni 10 min 233 vətəndaşın köçürülməsi baş tutub, 2026-cı ilin sonuna qədər isə 34 500 ailə, 140 min vətəndaşın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulur.

Ölkə başçısı bərpa-quruculuq prosesinin xüsusiyyətləri və prioritetləri barədə tez-tez fikirlərini ifadə edir.

Bu il mayın 28-də Laçında Türkiyə prezidenti və Pakistanın baş naziri ilə birgə görüşdə quruculuq işləri ilə bağlı perspektivlərə toxunan Prezident bunları dedi.

“İndi azad edilmiş bütün torpaqlarda bərpa işləri, quruculuq işləri gedir. Böyük infrastruktur layihələri icra edilir – xəstəxanalar, məktəblər, üç hava limanı tikilib, dəmir yolları, avtomobil yolları salınıb, 70 kilometrə yaxın tunelin inşası sürətlə gedir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır”.

Bu yerdə onu da əlavə edək ki, azad olunmuş ərazilərə köçürülən insanların məşğulluq probleminin həlli istiqamətində də praktik addımlar atılır. Başqa sözlə desək, bölgədə məskunlaşan vətəndaşın təhlükəsizliyinin təmini ilə yanaşı, onun sosial tələbatının ödənilməsi dövlət siyasətinin prioritetləri sırasında yer alır.

Qarabağ və Şərqi Zəngəzurda görülən işlər həm də istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qəbul olunur və ölkə iqtisadiyyatına reinteqrasiyanın əsasını yaradır. Həyata keçirilən dövlət proqramlarının əsas hədəfləri isə infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Proqramlarda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin bundan sonra da qurulması, həmin məntəqələrin keçmiş məcburi köçkünlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Daha bir statistikaya toxunaq.

Artıq Zəngilanın Ağalı kəndi, Ağdərə rayonunun Talış kəndi, Füzuli şəhəri, Şuşa şəhəri, Laçın şəhəri və rayonun Sus, Zabux və Bəylik kəndləri, Cəbrayıl şəhəri, Xocalı şəhəri və rayonun Ballıca kəndi, Ağdamın Sarıcalı, Xocavəndin Həsənriz kəndi və digər çoxsaylı məntəqələrdə insanlar daimi yaşayır və keçmiş məcburi köçkünlərin doğma yerlərinə qayıdışı prosesi uğurla davam edir.

Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi bu fikirlərə diqqət yetirək.

“Bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.

Müşahidələr və ekspert rəyləri əsasında qətiyyətlə demək olar ki, bu gün Qarabağ və Şərqi Zəngəzur tərəqqi, inkişaf, çiçəklənmə dövrünü yaşayır. Dövlət insanların bölgədə yaşamasını təmin etmək üçün infrastruktur layihələrin davamlı icrasına nail olur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı iqtisadi inkişaf kursunda Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi də prioritet hədəflər sırasındadır.

Böyük qələbədən ötən 4 il ərzində regionda

-270 MVt gücündə 32 su-elektrik stansiyası istismara buraxılıb;

-2025-ci ilin sonuna qədər daha 11 su-elektrik stansiyasının açılışı planlaşdırılır;

-ümumilikdə, növbəti illərdə əlavə olaraq bölgədə 200 MVt-lıq su-elektrik stansiyaları tikiləcək.

Yeri gəlmişkən, azad Qarabağda yeni və müasir yolların çəkilişi də diqqət mərkəzindədir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, azad olunan ərazilərdə bu sektor üzrə icra edilən layihələrin sayı 44, yolların ümumi uzunluğu isə 3400 kilometr təşkil edir. Prezident İlham Əliyevin yanvar ayında nəqliyyat müşavirəsində bildirdiyi kimi,

-44 avtomobil yolu ilə yanaşı regionda 45 tunel, 447 körpü, 16 viadukun tikilməsi nəzərdə tutulur;

-dəmir yollarına gəlincə, Horadiz-Ağbənd dəmir yolunun 60 faizindən çoxu, Bərdə-Ağdam dəmir yolunun 94 faizi hazırdır;

-sözügedən layihələrin 2025-2026-cı illər ərzində tam başa çatdırılacağı proqnozlaşdırılır.

Regionun nəqliyyat sektorunun müasirləşdirilməsi 2 aspektdən strateji çəkiyə sahibdir.

1.Qarabağ və Şərqi Zəngəzuru regional nəqliyyat layihələrinə qoşmaq, 2.Azad edilən əraziləri beynəlxalq turizm mərkəzinə çevirmək. Şübhəsiz, bu prosesdə hava yollarının da özünəməxsus yeri var. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi artıq bölgəni beynəlxalq və regional əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevirir, bununla da, Azərbaycanın qlobal təqdimatına sanballı töhfə verir.

Bu isə faktiki, Prezident İlham Əliyevin sərəncamı ilə müəyyənləşdirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas məqsədlərinin icrasını sürətləndirir, eyni zamanda, azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığını təmin etmək üçün dövlət siyasəti və islahat istiqamətlərinin mahiyyətini ortaya qoyur.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı