Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

Prokurorluq orqanlarinda qulluga qebulla bagli musabiqenin yazili imtahan merhelesi kecirilib

Gənclərin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirakını təmin edən və Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyularaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davam etdirilən dövlət gənclər siyasəti prokurorluq orqanlarında da uğurla həyata keçirilərək, gənc hüquqşünasların müsabiqə yolu ilə qulluğa qəbulu sayəsində prokurorluğun kadr korpusu yüksəkixtisaslı mütəxəssislər hesabına yenidən formalaşdırılıb.

2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş ali hüquq təhsilli mütəxəssislər hazırda prokurorluğun kadr korpusunun 93,2 faizini təşkil etməklə, onların böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib və hazırda bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Noyabrın 14-də prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti - 27-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Zeferinfo.az-a verilən məlumata görə, Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib. İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Hazırkı müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 171 namizəd (o cümlədən 48 qadın) Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na müvafiq olaraq, yazılı imtahan işləri “ikiqat yoxlama” üsulu ilə Baş Prokurorluğun Müsabiqə Komissiyası və dəvət olunmuş mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra yekun nəticələr media vasitəsilə ictimailəşdiriləcək, eyni zamanda, bu barədə Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat yerləşdiriləcək.

Əlavə suallarla bağlı (012) 437-28-56, (012) 361-00-76, (012) 361-00-77, (012) 361-00-78, (012) 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.