Peşə məktəblərinə tələbə qəbulu BAŞLADI

Peşə təhsili müəssisələrinə 2025-2026-cı tədris ili üzrə tələbə qəbuluna başlanılıb.
Bu barədə Zeferinfo.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul – 11 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. Son müraciət tarixi 11 avqust 18:00-dır.
2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 24 280 dövlət sifarişli 8340-ı isə ödənişlidir.
Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.
Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
Təhsil haqqında sənəd (attestat);
Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd