Ombudsman: Dövlət başçısının amnistiya təşəbbüsü humanist dəyərlərə əsaslanan siyasətin bariz nümunəsidir
Zeferinfo.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Prezidentinin amnistiya elan edilməsi təşəbbüsünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir:
"Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olub".
Ombudsman xatırladıb ki, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunub:
"Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşub. 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb".
S.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsü Azərbaycanın suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir:
"Bununla bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir. Azərbaycan Ombudsmanı olaraq, dövlət başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm. Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycanda hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur".