"Oleq Bakinski" məhkəmədə son söz deyib

Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkilləri çıxış edib.
Konstantin Kuçerin vəkili Elşad Hacıyev çıxışında bildirib ki, müdafiə etdiyi şəxsə bəraət istəyib.
Daha sonra Oleq Bakinskinin vəkili Xeyransə Babayeva çıxış edib və ittihamların əsassız olduğunu bildirərək. O da müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Oleq Bakinski son sözlə çıxış edib. O, bildirib ki, ittiham olunduğu əməli törətməyib: "Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz".
Konstantin Kuçer son söz üçün vaxt istəyib.
Proses iyulun 25-nə təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı Tural Yaqubov çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.