Zeferinfo.az xəbər verir ki, bu mərhələdə Xocalı rayonu Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailənin köçürülməsi həyata keçirilib.
Sakinlər Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb - su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.
Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.