Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, duz dağ massivində yerləşən 5 №-li duz mədənində texniki təhlükəsizliyin gücləndirilməsi məqsədilə işlər aparıldığından duz çıxarılması müvəqqəti dayandırılıb. Gələcəkdə istehsal prosesinin daha yüksək keyfiyyətdə təşkil olunması nəzərdə tutulur.
Bu səbəbdən "Naxçıvan Duz İstehsalı" MMC-də hazırda istehsal və qablaşdırma prosesi həyata keçirilmir.
Jurnalist Heydər Oğuz məsələ ilə bağlı Sitat.info-ya ilginç açıqlamalar verib.
Bildirib ki, duz zavodunun bağlanmasında Ali Məclisin keçmiş sədri Vasif Talıbovun əli var:
"Duz mədənin bağlanması Vasif Talıbovun günahıdır. Bu məsələdə onun əli var. Müəssisə ilk fəaliyyətə başlayanda istifadə olunan avadanlıqlar standartlara cavab vermirdi. O vaxt bunun üçün vəsait ayrıldı, Türkiyədən dəzgahlar alındı. Həmin dəzgahlar yetərli deyildi. Naxçıvanın sal duzlarının tərkibində 40 faiz gil var, o gil təmizlənməlidir. Orada bunun üçün xüsusi dəzgah var, ora tökülür və sonra gildən təmizlənir. Belə olan halda duzun keyfiyyəti çox aşağı olur".
H.Oğuz bildirdi ki, istehsalda istifadə edilən avadanlıqlara ayrılan vəsait yeyilib:
"Bunu özləri etmişdilər ki, Naxçıvana ayrılan vəsaiti yesinlər. Həmin lazım olan aparat alınmayıb. Onun da dəyəri milyon manatlarla ölçülür. Lakin vəsait lazım olan yerə xərclənmədi. İki il öncə Fuad Nəcəfli yeni vəzifəyə gələndə həmin mədəndə olmuşam. Gördüklərimə inana bilmədim.Avadanlıqlar paslanıb, köhnəlib, sıradan çıxıb. Türklər var idi, soruşdum ki, duz niyə belə istehsal olunur? Bildirdilər ki, onlara belə tapşırılıb. Əslində duz istehsalında paslanmayan dəzgahlardan istifadə edilməlidir. Bunlar ucuz dəzgahlar alıblar. Dəzgahlar standartlara cavab vermirdi, zavodun yenidən fəaliyyəti üçün maliyyə lazım idi. Keyfiyyətli istehsal üçün pul xərcləmək lazım idi, ancaq o vəsaitləri də mənimsəmişdilər".
Tehran: Sitat.info