Naxçıvan Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri cənab Zakir İbrahimovun ÇIXIŞI

Naxcivan Geologiya-Medencilik Forumunun resmi acilis merasiminde “AzerGold” QSC-nin Idare Heyetinin sedri cenab Zakir Ibrahimovun CIXISI

Hörmətli həmkarlar, əziz tədbir iştirakçıları, xanımlar və cənablar!

Hər birinizi qədim diyarımız Naxçıvanda təşkil edilən Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində səmimiyyətlə salamlayıram.

Ölkəmizdə dağ-mədən sənayesinin müstəqil bir sahə kimi inkişafı məhz Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Dahi liderimiz Azərbaycanın bütün iqtisadi sahələrinin tərəqqisinə töhfə verdiyi kimi, dağ-mədən sənayesinin formalaşması və inkişafında da böyük rol oynayıb. Onun xidmətləri həm sovet dövründə, həm də müstəqillik illərində sistemli və strateji yanaşma ilə həyata keçirilib.

Hazırda Ümummilli Liderin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasətin nəticəsində bu sahədə dayanıqlı və dinamik inkişaf müşahidə olunur. 2015-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Sərəncamı ilə “AzerGold” QSC-nin yaradılması milli dağ-mədən sənayesinin tarixində yeni bir səhifə açdı.

Bu gün dövlət şirkəti 3 qızıl yatağında aktiv hasilat aparır. Həmçinin bir neçə qızıl, polimetal və böyük perspektivə malik dəmir yataqlarının istismarına hazırlıq işləri görür. “AzerGold” törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə birlikdə hasilatçı şirkətdən çoxprofilli sənaye subyektinə çevrilib.

Regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsi törəmə şirkətimiz “Daşkəsən Dəmir Filiz” MMC-nin böyük investisiya tələb edən irimiqyaslı layihəsidir. Layihənin investisiya dəyəri ~1,2 milyard ABŞ dollar  dəyərində proqnozlaşdırılır. Qarşıdakı illərdə “Daşkəsən” dəmir filizi yataqlarının effektiv istismarı yerli polad istehsalçılarının yüksək keyfiyyətli yerli xammalla təmin olunması, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması məqsədi daşıyır. Meqa-layihə ölkənin makro-iqtisadi göstəricilərinə müsbət təsirlər vəd edir. Dəmir yataqlarının istismara verilməsi ilə növbəti 19 ildə ÜDM-ə 13.2 milyard  dollar dəyərində töhfənin verilməsi hədəflənir. Layihənin aktiv fazasında fəaliyyətin birbaşa (1650 nəfər) və dolayı (2350 nəfər) effekti nəzərə alınmaqla 4000 nəfərdən çox vətəndaş üçün yeni iş yerlərinin yaradılması ilə bölgədə əhalinin məşğulluğuna ciddi töhfələrin verilməsi gözlənilir. Layihənin aktiv fazaya keçməsi ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun ölkəmizin ümumi iqtisadi göstəricilərdə payı əhəmiyyətli dərəcədə artacaq.

Bundan başqa, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində yaradılmış digər törəmə şirkətimiz – “AzerBlast” MMC tərəfindən əsasən dağ-mədən sektorunda istifadə edilən mülki partlayıcı maddələrə tələbatın yerli xammal hesabına ödənilməsi məqsədilə ölkəmizdə ilk və yeganə istehsal sahəsi yaradılıb. Yeri gəlmişkən, qarşıdakı illərdə Naxçıvan Muxtar Respublikasının sənaye sahələrində (mədənçıxarma, qazıntı sahələri, inşaat, yol təsərrüfatı və s.) icra edilən partlayış işlərində məhz dövlətimizin pay sahibi olduğu “AzerBlast” şirkətinin istehsal etdiyi məhsullardan istifadə edilə bilər.

Bir sözlə, “AzerGold” QSC dövlət şirkəti olaraq dağ-mədən sənayesinin inkişafına həm birbaşa, həm də dolayı töhfələr verməyə davam edir.

Qürurla qeyd etmək istəyirəm ki, “AzerGold” fəaliyyətə başladıqdan qısa müddət sonra qeyri-neft sektorunun əsas ixracatçılarından biri kimi mövqe qazanıb. Son 9 ildə yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon ABŞ dolları) gəlir əldə edilib. Bu vəsaitin 94 faizi (1 milyard 592 milyon manatı) ixracdan əldə edilib. Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilmiş gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib.

Sevindirici haldır ki, hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur. İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq.

Öz növbəsində çoxşaxəli və strateji əhəmiyyətə malik istiqamət olan məşğulluğun artırılması üzrə geniş müstəvidə işlər görürük. Bildiyiniz kimi, dağ-mədən sektorunda məşğulluğun artırılması geniş və uzunmüddətli təsirlər yaradır. Hazırda “AzerGold” və onun törəmə şirkətlərində 1088 nəfər çalışır. Uzunmüddətli podratçı şirkətlərdə isə əlavə 1263 nəfər daimi işlə təmin olunub. Fəaliyyətimizin birbaşa və dolayı effekti nəzərə alınmaqla ümumi məşğulluq göstəricimiz 2400 nəfərə yaxındır. Yeni mədən layihələrinin icrası ilə bu rəqəm şübhəsiz ki, daha da yüksələcək.

Eyni zamanda dövlətimizlə “RV İnvestment Group Services LLC” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında bağlanmış Saziş üzrə ötən ildən dövləti təmsil edən tərəf kimi səlahiyyətləndirilmişik. Saziş üzrə əsas vəzifəmiz təbii sərvətlərimizin səmərəli və şəffaf şəkildə istismarı istiqamətində dövlətimizin təmsilçilik səlahiyyətini icra etməkdir. Bu fəaliyyət çərçivəsində artıq qısa müddət ərzində ciddi nəticələr əldə olunub. Belə ki, ötən 1 il ərzində “RV İnvestment Group Services LLC” şirkətinin “Gədəbəy” saziş sahəsində hasilat və istehsalat fəaliyyətinin yerli qanunvericilik və beynəlxalq standartlar, ekoloji norma və tələblər əsasında yenidən təşkili, tam gücü ilə bərpasına nail olunub. Beləliklə, xarici şirkət 2025-ci ilin ilk 6 ayı üzrə hasilat göstəricilərini yüksəltməklə, 2023 və 2024-cü illərlə müqayisədə ümumi hasilatını 70% səviyyəsinə çatdırmağa nail olub.

Bizim qədim tarixə və zəngin resurslara malik diyarımız Naxçıvan isə fəaliyyətimizdə xüsusi yer tutur. Bildiyiniz kimi, Culfa rayonundakı “Ortakənd” qızıl yatağının istismarı üçün aktiv hazırlıq işləri aparılır. Beynəlxalq standartlara uyğun yatağın Yerin təkində qızıl ehtiyatı 542 min unsiya hesablanıb. Qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib. “Ortakənd” yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub. Hazırda ilkin texniki-iqtisadi hesablama (Scoping study) parametrləri üzrə araşdırmalar davam etdirilir. Sosial, iqtisadi və ekoloji faktorlar nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır.

Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır. Söhbət “Göydağ” mis-molibden, “Başkənd” mis və “Nəsirvaz” polimetal təzahürləri sahələrindən gedir. Cari il ərzində “Göydağ” və “Başkənd” yataqlarının ehtiyatlarının beynəxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. “Göydağ” yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır. 

Bu mənada qeyd etməliyəm ki, dünya təcrübəsinə baxsaq, mədən layihələrinə hazırlıq prosesi Avstraliya, Kanada, Çin kimi nəhəng dağ-mədən ölkələrində belə bir sıra amillərdən asılı olaraq bəzən 20 ilə qədər vaxt tələb edir. Təbii ki, bu müddəti müəyyən edən yatağın miqyasının böyüklüyü, geoloji quruluşunun mürəkkəbliyi, yerləşdiyi relyef, şirkətin resursları və digər texniki amillərdir.

Biz ötən dövrlərdə əldə etdiyimiz təcrübə əsasında istismara hazırlıq prosesini müddət olaraq kifayət qədər azaltmağa nail olmuşuq. Müasir, innovativ texnologiyalardan istifadəni genişləndirməyimiz də bu məsələdə mühüm rol oynayıb. İlk növbədə çoxşaxəli geoloji tədqiqatların aparılmasını, texniki-iqtisadi əsaslandırma sənədinin daha qısa zamanda hazırlanmasını qarşıya hədəf qoyuruq. Hər bir imkandan düzgün istifadə edərək, bu müddətin az olmasına, qeyd olunan mərhələlərin maksimum 5-7 il ərzində tamamlanmasına çalışırıq. Daha sonra müvafiq infrastruktur layihəsinin hazırlanması və inşaat işlərinin aparılması üçün əlavə 2 ilə qədər vaxt sərf olunur. Yəni biz kəşfiyyat mərhələsindən istismar işlərinin başlanılmasına qədər olan prosesi 7-9 il ərzində tamamlamağa çalışırıq.

Təsəvvür edin, biz bu tədqiqatların sonunda iqtisadi faydalarla yanaşı, ətraf mühit və sosial aspektləri nəzərə almaqla ən optimal hasilat və emal texnologiyalarını müəyyənləşdirməliyik. Bu, mədənçilik fəaliyyətinin müxtəlif aspektlər nəzərə alınmaqla nə qədər dəqiq hesablamalar, mürəkkəb və dərin tədqiqatlar tələb edən sahə olduğunu göstərir.

Bu mənada qeyd etmək istəyirəm ki, bugünədək strateji layihələrə yönəltdiyimiz investisiyalar 803 milyon manat  təşkil edir. Bu vəsaitin 75%-i daxili imkanlar hesabına təmin edilib. “AzerGold” qızıl layihələrinin icrası məqsədilə kapital qoyuluşunu öz hesabına həyata keçirir. Bu istiqamət üzrə dövlət büdcəsindən asılılıq tamamilə aradan qaldırıb.

Bir vacib layihə haqqında da məlumat vermək istərdim. Hazırda ölkə üzrə geoloji kəşfiyyat proqramlarına dəstək veririk. Bu çərçivədə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə əməkdaşlıq edirik. Biz dövlət sifarişi əsasında Şərqi Zəngəzur, Gəncə-Daşkəsən iqtisadi rayonları və əlbəttə ki, Naxçıvan Muxtar Respublikasında müasir tədqiqat üsulları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik metodlarla geoloji tədqiqatlar həyata keçiririk. Bu texnologiyalar hasilata qədərki mərhələdə xərcləri azaldır, geoloji kəşfiyyat işlərinin dəqiqliyini və sürətini artırır.

Qeyd etdiyim tədqiqatlar nəticəsində sadaladığım ərazilərin perspektivləri müəyyən olunacaq. 2026-cı ildə tədqiqat sahələrinin İlkin qiymətləndirilməsinin aparılaraq, kəşfiyyat proqramın yekunlaşdırılması nəzərdə tutulub. İşlərin nəticəsi olaraq ölkə ərazisinin Kiçik Qafqaz hissəsinin vahid hiperspektral xəritələnməsi tamamlanacaq. Toplanmış geoloji məlumatlar ölkənin dağ-mədən sahəsində malik olduğu bütün pontesialı haqqında dəqiq təsəvvür yaradacaq. Bu, dövlətimizə perspektivli sahələrdə işə başlanılması ilə bağlı müvafiq qərarların verilməsinə imkan yaradacaq. Nəticədə, ölkə iqtisadiyyatının inkişafı naminə yeni dağ-mədən layihələrinə investorların və ya yaxud milli operator şirkəti qismində “AzerGold” QSC-nin cəlb edilməsinə zəmin yaradılacaq.

Bu məqamda fəaliyyət istiqamətləri üzrə birgə çalışdığımız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi, Əmlak Məsələləri Dövlət Xidməti, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səmərəli, koordinasiyalı və effektiv əməkdaşlığa görə təşəkkür edirəm.

Beynəlxalq layihələrdə iştirak, dağ-mədən sahəsində müasir texnologiya və innovasiyalar, dünya trendlərinin davamlı öyrənilməsi də diqqət mərkəzimizdədir. Bu məqsədlə qardaş Türkiyə başda olmaqla müxtəlif ölkələrlə imzaladığımız sənədlər çərçivəsində elmi-texniki əməkdaşlıq edir, təcrübə mübadiləsi aparırıq. Biz inanırıq ki, bu kimi beynəlxalq əməkdaşlıqlar dağ-mədən sənayesinin daha da inkişaf etməsinə, qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsulların artmasına mühüm töhfə verəcəkdir.

Hörmətli tədbir iştirakçıları,

Sürətlə dəyişən texnologiyalar mədənçilik sahəsində daha ekoloji təmiz və səmərəli həll yolları təqdim edir. Qeyri-invaziv, yer səthinə müdaxilə olunmadan həyata keçirilən hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik tədqiqatlar, günəş və külək enerjisindən istifadə, tullantısız istehsal texnologiyalarının tətbiqi vasitəsilə ətraf mühitə təsir minimuma endirilir.

Çünki dağ-mədən sənayesi ölkələrin iqtisadi inkişafında mühüm rol oynasa da, onun ətraf mühitə təsirini nəzərə almadan fəaliyyət göstərmək yolverilməzdir. Ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və texnoloji yeniliklərin birgə tətbiqi bu sahənin dayanıqlı və balanslaşdırılmış inkişafının əsasını təşkil edir. Məhz bu yolla mədən şirkətləri həm iqtisadi fayda yarada, həm də gələcək nəsillər üçün sağlam təbii mühitin qorunmasına töhfə verə bilərlər.

"AzerGold" olaraq fəaliyyətimizin mərkəzində dayanıqlı inkişaf prinsipləri dayanır. Ətraf mühitin mühafizəsi üçün beynəlxalq standartlara uyğun ekoloji idarəetmə tətbiq edirik, hasilat proseslərində təbiətə minimum təsir prinsipi ilə hərəkət edirik. Reabilitasiya proqramları çərçivəsində istifadə olunmuş sahələrin bərpası və biomüxtəlifliyin qorunması üzrə ardıcıl tədbirlər həyata keçiririk. Nümunə üçün qeyd edim ki, hasilatı prosesini yekunlaşdırdığımız “Ağyoxuş-1” ölkəmizdə rekultivasiya işləri icra olunan ilk qızıl mədənidir.

Sosial məsuliyyətimiz isə sadəcə dəstək deyil — yerli icmalarla uzunmüddətli tərəfdaşlıq modelidir. Regionlarda məşğulluğun artırılması, peşə təlimləri, təhsil təşəbbüsləri, qadınların iqtisadi fəallığının gücləndirilməsi, tibbi xidmətlərin əlçatanlığı və idmanın inkişafı kimi istiqamətlərdə məqsədyönlü sosial layihələr həyata keçiririk. Məqsədimiz — fəaliyyət göstərdiyimiz ərazilərdə davamlı inkişafı təşviq etmək və əhalinin rifahına real töhfə verməkdir.

Hörmətli tədbir iştirakçıları,

Çıxışımın sonunda bu mötəbər tədbirə dəvət üçün Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Xanlar Mustafayevə, təşkilati heyətə və bütün həmkarlarımıza təşəkkür edirəm. Əminəm ki, Geologiya-Mədənçilik Forumu davamlı və faydalı əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacaq.

Tədbir iştirakçılarına uğurlar arzulayır, diqqətinizə görə təşəkkür edirəm!