Milli Məclisin nümayəndə heyəti MDB PA-nın iclaslarında iştirak edib
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, deputatlar Fariz İsmayılzadə, Bəxtiyar Əliyev, Nizami Səfərov və Sabir Hacıyev MDB PA-nın Şura, plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Tacikistanın Düşənbə şəhərində səfərdə olublar.
Bu barədə Zeferinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Milli Məclisin deputatları MDB PA Şurasının, həmçinin Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının və Hüquqi məsələlər üzrə daimi komissiyasının iclaslarında iştirak ediblər. İclaslarda bir sıra model qanun layihələri müzakirə olunub, təşkilati məsələlərə baxılıb.
MDB PA-nın 59-cu plenar iclasında isə “MDB iştirakçısı olan dövlətlərdə dərman təminatı haqqında”, “Uşaq hüquqları üzrə müvəkkil haqqında”, “İctimai təhlükəsizlik haqqında”, “Lisenziyalaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Su obyektlərindəki mədəni irs nümunələrinin dövlət mühafizəsinin təminatı haqqında” və digər model qanun layihələri müzakirə olunub, bir sıra qanunlara təklif edilən dəyişikliklərə baxılıb.