Metrologiya İnstitutunun səlahiyyətləri artırılıb

Metrologiya Institutunun selahiyyetleri artirilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Regional Su Meliorasiya Xidməti arasında ölçmələrin dəqiqliyinin və istehlakçı hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə müqavilə imzalanıb.

Bu barədə Zeferinfo.az-a  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Müqaviləyə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nəzdində Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyasının idarə edilməsi Azərbaycan Metrologiya İnstitutuna ötürülüb.

Sözügedən laboratoriyada əhali və qeyri-əhali istehlakçıları, həmçinin sənaye müəssisələri tərəfindən istifadə olunan su sayğaclarının yoxlanılması işləri icra olunur. Bundan əlavə, su sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən edilməsi tədbirləri həyata keçirilir.

Qeyd edək ki, 2024-cü ildə “Azəriqaz” İB-yə məxsus Sayğacların müayinəsi laboratoriyası və “Azərişıq” ASC-nin Sayğacların test-təmir laboratoriyası Azərbaycan Metrologiya İnstitutunun idarəetməsinə verilib.