Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir
Bu barədə Zeferinfo.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Media subyektlərinin müsabiqədə iştirak etməsi üçün bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla ən azı dörd nəfərdən ibarət heyəti olmalıdır.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. Bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 (səkkiz yüz) manat təşkil etməlidir.
Qeyd edək ki, müsabiqəyə 26 noyabr 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.