Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub

Kamran Esedovun cinayet isinin detallari - Pineci de istintaqa devet olunub

29 oktyabr tarixində DİM zərərçəkmiş şəxs kimi tanınmış və istintaq məlumatları təqdim edilib. İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Məlumata görə, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər.

"Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib. Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-a təyin olunub.

Qeyd edək ki, araşdırmalar davam edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.2-ci yarımbəndinə əsasən imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qayda pozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkar edilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə (imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır".

Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub (FOTOLAR)

Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub (FOTOLAR)

Kamran Əsədovun cinayət işinin detalları - Pinəçi də istintaqa dəvət olunub (FOTOLAR)

Back To Top