İşgəncələrə Qarşı Azərbaycan Komitəsi erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

Elçin Şirinovun Zeferinfo.az-a verdiyi xəbərə görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmini və s. olub.
O qeyd edib ki, başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər və digər saxlanılan şəxslərlə görüşlər keçirilib.
"Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizor və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə 2 dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”, - Elçin Şirinov vurğulayıb.
Komitə sədrinin müavini əlavə edib ki, təcridxanada təmirdən sonra saxlanma şəraiti daha da yaxşılaşıb:
“Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam və tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda açıq havaya çıxarılır”.