İşarəni dənizdən gözləyənlər – Yoldaş Məmişovun səsi niyə çıxmır?

Isareni denizden gozleyenler – Yoldas Memisovun sesi niye cixmir?
 

İyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların evinə basqın edərək 5 nəfəri işgəncə ilə qətlə yetirməsi, onlarla insanı ölümcül hala salması, repressiyalara məruz qoyması xalqımızı Şimaldan əsən üfunətli küləyin qarşısında bir yumruq kimi birləşdirdi. Toplum olaraq çəkici bir zindana vurduq, barmaqlarımız bir hədəfə tuşlandı, canini öz adı ilə çağırdıq.

Dövlətimiz hadisəyə çox operativ reaksiya verdi.  Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx XİN-ə çağırıldı. Ona açıq etiraz bildirildi. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna planlaşdırılan Azərbaycana səfəri ləğv edildi. Rusiyanın ölkəmizdə planlaşdırılan bütün mədəni tədbirlərinin keçirilməsi təxirə salındı. Əlbəttə ki, səbəb Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliyə yol verilməsidir. Dövlətimiz bu məsələyə nə qədər həssas və operativ yanaşırsa, bir o qədər də səbrlə və müdrikcəsinə addımlar atır.

Bəs Rusiyadakı Azərbaycan diasporu nə işlə məşğuldur?

Rusiyada 5 soydaşımız polis tərəfindən döyülərək öldürülür, onların ailə üzvləri, qohumları, yaxınları döyülür, həbs edilir, amma diasporumuzdan səs çıxmır,tükləri tərpənmir. Məsələn, azərbaycanlı milyarder, Rusiyanın “Konrad” Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovun Yekaterinburqda baş verənlərlə bağlı etirazına, açıqlamasına rast gələn olubmu?

Adı daha çox Rusiyada azərbaycanlı iş adamlarınını sıxışdırılmasında  hallanan Məmişovun dəbədəbəli həyat tərzi sürməsini onun şəxsi işi saymaq olardı, amma adamın adının qarşısında “Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri” vəzifəsinin yazılması bizə onun fəaliyyət(sizliy)i üzərindən sükutla keçməyə imkan vermir. Üstəlik, adam Azərbaycanın dövlət rəhbərliyi tərəfindən 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı və 2006-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.  Bu medallar ona qara qaşına-gözünə, puluna görə verilməyib. Ona görə verilib ki, Azərbaycan dövlətinin ondan gözləntiləri olub, ona etibar edib. İnanmışıq ki, yoldaş Məmişov dar gündə, kritik məqamlarda  azərbaycanlıları müdafiə edəcək, dövlətimizi dəstəkləyəcək. Amma təəssüf… Məmişov bu dəfə ona olan inamı, etimadı yerlə bir etdi.

Biz yoldaş Məmişov və Rusiyadakı digər diaspor sədrlərindən cəsarətli, Rusiya hakimiyyətini yıxıb-sürüyən kəskin açıqlamalar gözləmirik. Bilirik ki, onların əksəriyyəti  alverlə məşğuldurlar və biznes maraqlarını, pulu hər şeydən üstün tuturlar.  Biz də istəməzdik ki, onların bazarına əl qoyulsun, gəlirlərindən olsunlar… Amma ən azından belə həssas məqamlarda barışdırıcı mövqe sərgiləyə, çiyinlərini qətlə yetirilən soydaşlarımızın tabutu altına qoya, həbs edilənləri vəkillə təmin edə bilərdilər. İndiki halda bunların heç birini görmürük. Gördüyümüz və bildiyimiz odur ki, milyonçu və milyarder diaspor rəhbərlərimiz əyləncələrindən geri qalmırlar. Ola bilsin ki, Yekaterinburqda baş verənlər, jurnalistlərin zəngləri, elə bizim bu yazımız  yayın ləzzətini yüksək səviyyədə çıxaran diaspor rəhbəri üçün ürəkbulandırıcıdır. Məmişov bizi onun istirahər hüququnu pozmaqda da ittiham edə bilər.

Təsəvvür edin, Azərbaycandakı rus icmasının nümayəndələri, Rusiyadakı bəzi ziyalılar Yeketerinburq şəhərində azərbaycanlılara qarşı yol verilən qəddarlığı pisləyən açıqlamalar, bəyanatlar verirlər, amma bizim diaspor nümayəndələrinin səsi-səmiri çıxmır. Hətta bəziləri öldürülən, işgəncələrə məruz qalan, həbs edilən azərbaycanlıları günahlandırırlar. Məsələn, Vidadi Mustafayev adlı diaspor nümayəndəsi deyir: «Biz daim Sverdlovsk vilayətində azərbaycanlılar tərəfindən inteqrasiya və tərbiyə işinin uğursuz olduğunu deyirik. Hamı hər şeyi bilirdi: kimin öldürdüyünü, nə vaxt öldürdüyünü. Saxlanılanların sayı bunu göstərir. Amma diaspor hüquq-mühafizə orqanlarına kömək etmək və sistemli iş aparmaq əvəzinə bütün bu illər ərzində cinayətkarları qoruyurdu”.

Azərbaycan 34 ildir ki, Sovet Rusiyasının müstəmləkəsi altında yaşamaqdan azad olub, müstəqil dövlət qurmuşuq, böyük zəfərlərə imza atmışıq, ərazi bütövlüyünü təmin etmişik. Amma təəssüf ki, içimizdə hələ də sovet dövrünün xiffətini çəkən, Rusiyanın boyunduruğu altına girmək istəyən əliheydər qarayevlər, həmid, ayuna  sultanovlar, çingiz ildırımlar var. İstəməzdik ki, yoldaş Məmişov da onlardan biri olsun! Bəlkə hazırda “See breez”də dincələn Məmişov işarəni dənizdən gözləyir?

Vətəninfo.az: Analtik şöbəsi.