BAYRAQDAR MEDİA – “Mən bu məsələni ilk dəfə bu ilin əvvəlində, konkret olaraq fevral ayında gündəmə gətirsəm də müvafiq qurumlardan heç bir reaksiya olmadı. Düzdür, dəyərli mediamız məsələyə kifayət qədər diqqət ayırdı. Lakin dediyim kimi sahə ilə bağlı müvafiq qurumlardan heç bir reaksiya olmadı. Bununla belə, düşünürəm ki, Rusiya OMON-unun Yekaterinburqda soydaşlarımıza qarşı törətdiyi vəhşilik və ondan sonra Rusiya telekanallarının Azərbaycana qarşı başlatdıqları çirkin kampaniya fonunda yenidən bu məsələni gündəmə gətirməliyik. Çünki bu gün bizi söyən həmin telekanlların nümayişi üçün özümüz pul ödəyirik. Bir növ pul verib, bizi söyən telekanallara abunə yazılırıq. Buna isə bizi vadar edən bəzi şirkətlərdir”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi, Əməkdar jurnalist Nadir İsmayılov deyib.
Bu paketlərin böyük əksəriyyətində rus dili hakim kəsilib
Onun sözlərinə görə, söhbət rəqəmsal efir yayımı xidmətləri, xalq dilində desək, xarici və yerli telekanalların nümayişi üçün paketlər təqdim edən bəzi televiziya operator və şirkətlərindən gedir: “Fevral müraciətimdə də qeyd etdiyim kimi, məsələ burasındadır ki, bu paketlərin böyük əksəriyyətində rus dili hakim kəsilib. Daha da konkretləşdirərək deyək ki, hansısa paket təqdim edilirsə, həmin paketdəkilərin az qala yarıdan çoxu ya Rusiya telekanalları olur, ya da xəbər yayımlarını və ya filmləri rus dilində verən kanallar. Keçən dəfə qeyd etdiyim kimi, əslində, bu məsələ uzun müddətdir bizi düşündürürdü. Eyni zamanda, həm özümüzün üzləşdiyimiz, həm də qohum-qonşulardan aldığımız məlumata əsaslanaraq bəzi araşdırmalar aparmaq qərarına gəldik. Lakin təkcə iki fakt üzrə araşdırmamızın ortaya çıxardığı vahiməli məqam məsələnin tezliklə ictimaiyyətin və yetkili qurumların diqqətinə çatdırmağın vacib olduğu qənaətini yaratdı”.
N.İsmayılovun sözlərinə görə, yuxarıda bəhs edilən xidmət üzrə operatorlardan ikisinin paketinə daxil olan kanalların siyahısına ötəri bir nəzər salıb: “Bəlli oldu ki, həmin operatorlardan birində paketdə təqdim edilən 150-yə yaxın kanaldan 70-ə yaxını, digərində isə təqdim edilən 200-dən çox telekanaldan 100-ə yaxını Rusiyanın, yaxud yayımı rus dilində edən kanaldır. Qeyd edim ki, bu siyahı sırf xarici telekanallarla bağlı statistikadır. Müqayisə üçün deyək ki, həmin paketlərdəki Türkiyəyə məxsus telekanalların sayı heç Rusiya telekanallarının yarısı qədər də deyil. Yəqin ki, vəziyyətin nə qədər vahiməli olduğu ortadadır”.
CASCFEN sədri, daha sonra “Təsəvvür edin ki, biz aylıq pul ödəyib paket alırıq və məlum operator, yaxud şirkətlər bunun müqabilində rus dilini, dolayısı ilə də rus təbliğatını bizim evimizə soxurlar. Yəni, əslində, bizi belə deyək, məcbur edirlər ki, bekar olanda yalnız rus dilində, yaxud Rusiyaya məxsus filmlərə, əyləncəli verilişlərə baxaq. Yaxud dünyadan xəbər tutmaq istəyəndə axtardığımız xəbər kanalları içərisində rus kanalları daha çox “gözə girsin”. Son bir neçə gün ərzində isə bir məqam da ortaya çıxdı. Bəlli oldu ki, biz bizi-yəni Azərbaycan dövlətini və xalqını hədəfə alan telekanlları özümüz “evimizə dəvət edirik”. Özü də pul ödəməklə. Hesab edirəm ki, tez bir zamanda buna son qoyulmalıdır!” deyə əlavə edib.
Ən dəhşətli və təhlükəli məqam isə həmin paketlərdə uşaqlara hesablanmış kanallarla bağlıdır
N.İsmayılov onu da bildirib ki, ən dəhşətli və təhlükəli məqam isə həmin paketlərdə uşaqlara hesablanmış kanallarla bağlıdır: “Təsəvvür edin ki, paketlərdə uşaqlar üçün olan bölümə daxil edilən kanalların da az qala tən yarısı Rusiyaya məxsus telekanallardır! Hər halda millətimizin gələcəyi olan uşaqların milli ruhdu böyüməsinə məsul olan müvafiq qurumlar da vəziyyətin nə qədər vahiməli olduğunun fərqindədirlər. Belə anlaşılır ki, biz özümüz uşaqlarımızın yad təsir altında, başqa millətin, bizə asi kəsilən dövlətin dili və mədəniyyətinə xidmət edən kanallara baxaraq milli duyğulardan uzaq şəkildə böyüməsinə şərait yaradırıq. Halbuki cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında uşaq və gənclərin milli ruhda tərbiyə alıb böyüməsinin vacibliyini bəyan edib, bunun üçün addımlar atılmasını müvafiq qurumlar qarşısında əsas vəzifələrdən biri kimi qoyub. Bəs bizlər, həmin çağışlara necə cavab veririk?! Yəqin ki, bu narahatlığımızın ikinci dəfə dilə gətirilməsindən sonra müvafiq qurumlar bəhs etdiyimiz məsələni də diqqətə alacaq, lazımi addımlar atacaqlar”.
Rusiya telekanalları türk dövlətlərinin telekanalları ilə əvəz edilsin
Əməkdar jurnalist bir daha Rusiya telekanallarının başqa kanallarla dəyişilməsi ilə bağlı təklif də səsləndirib:“Cənab Prezident İlham Əliyev bəyan edib ki, bizim ailəmiz türk dünyasıdır. Elə isə gəlin bizə tamamilə yad, özü də zərərli fikirlər aşılayan ölkənin telekanallarının evimizə soxulmasına son qoyaq və onları ailəmizin, yəni türk dünyasının kanalları ilə əvəz edək. Örnək üçün, Türk Dövlətləri Təşkilatına üzv olan Türküstan – Orta Asiya türk dövlətlərinin, həmçinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin hər birindən bir, yaxud iki xəbər, bir əyləncə, bir uşaq kanalını bu paketlərə əlavə etmək mümkündür. Lap elə Macarıstanın da, qardaş Pakistanın da bir neçə kanal əlavə etmək olar. Hesab edirik ki, bu, həm türk dünyasındakı bağlarımızı daha da gücləndirər, həm də qardaş ölkələrin xalqlarının bir-birinin dilini öyrənməsinə vəsilə olar”.