Hesablama Palatası daha üç dövlət qurumunda yoxlama aparıb

Azərbaycan Respublikasının Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və onun tabeliyindəki qurumlar üzrə uyğunluq auditi həyata keçirib.
Zeferinfo.az xəbər verir ki, audit nəticəsində dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi uyğunsuzluq aşkarlanıb.
Hesabata görə, 2015–2024-cü illər ərzində xaricdə yerləşən Mədəniyyət Mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması məqsədilə iki qurum tərəfindən paralel olaraq ödəniş edilib. ƏMDX tərəfindən 1 milyon 316 min 462 manat, Mədəniyyət Mərkəzi tərəfindən isə qeyri-rezidentə 274 min 779 avro ödəniş edilib. Hesablama Palatası bu məsələ ilə bağlı 2024-cü ilin noyabrında Maliyyə Nazirliyinə rəsmi məktub ünvanlayıb.
Bundan əlavə, audit nəticəsində dövlət əmlakının idarəetməyə verilməsindən daxil olan vəsaitlərin büdcəyə düzgün təsnifatla daxil edilməməsi də müəyyən edilib. Hər iki təklif üzrə icra hal-hazırda tamamlanmayıb və izlənilməsi davam etdirilir.