Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıb (FOTO)

Herbi xidmeti basa vuran serhedci esgerler ehtiyata buraxilib (FOTO)
 

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilmiş, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirlərin sonunda xatirə fotoşəkli çəkilib və hərbi qulluqçular təntənəli şəkildə yola salınıb.