Hava limanlarında VİP salonlarla bağlı siyahıya dəyişiklik edildi
Nazirlər Kabineti hava limanlarında VİP salonlardan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edib.
Zeferinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na yeni vəzifələr əlavə olunub.
Belə ki, siyahının 13-cü hissəsinə “Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini” vəzifələri də daxil edilib. Bu əlavə “Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi” ifadəsindən sonra yer alıb.