Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

Gencler ucun “Ekoloji Texnologiyalar ve Sosial Sahibkarliq” dusergesi kecirilecek

“İRƏLİ” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ecoinnovators: Gənclər üçün Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq düşərgəsi” layihəsinə start verir.

 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi nəticəsində ölkəmizdə ekoloji məsələlər barədə dövlət səviyyəsində tədbirlər, panel müzakirələr, həmçinin, gənclərin ekologiya istiqamətində maariflənməsi üçün çoxsaylı layihələr, aksiyalar, infoturlar həyata keçirildi. Xüsusilə, bu tədbirlərin içərisində Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 Konfransı ölkəmizi iqlim dəyişmələrinə qarşı mübarizədə liderlərdən biri kimi təqdim etmiş və gənclərin bu prosesdə fəal iştirakına geniş imkanlar yaratdı. “Ecoinnovators” layihəsi də gənclərə iqlim siyasətində iştirak, yaşıl startapların inkişafı və ekoloji innovasiyalar sahəsində liderlik bacarıqlarını təkmilləşdirmək fürsəti təqdim edərək COP29-un qlobal mirasına töhfə verməyi hədəfləyir.

“Ecoinnovators” layihəsi 16-29 yaş arası gəncləri əhatə edir və əsas məqsədi gəncləri ətraf mühit problemlərinə yaradıcı həllər təqdim etməyə, yaşıl texnologiyalar və sosial sahibkarlıq üzrə bacarıqlarını inkişaf etdirməyə yönəltməkdir. Eyni zamanda onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı təşəbbüslərə sövq etmək üçün gücləndirmək.Şəki və İsmayıllı rayonlarında təşkil olunacaq düşərgədə 25 gənc lider ekoloji texnologiyalar, iqlim dəyişmələrinə uyğunlaşma və sosial sahibkarlıq üzrə intensiv təlimlər alacaq. Onlar praktiki təcrübə qazanaraq öz icmalarında davamlı təşəbbüslərə rəhbərlik edəcək planlar hazırlayacaqlar.

  Layihə iki il ərzində 6000-dən çox insanı ekoloji maarifləndirmə kampaniyaları ilə əhatə edəcək. Gənclər tərəfindən təşkil olunacaq təmizlik aksiyaları, ağacəkmə tədbirləri və sosial mediada paylaşılacaq maarifləndirici kontentlər yerli icmalarda dəyişiklik yaradacaq. Düşərgədən sonra iştirakçılar öz bölgələrində 1000 nəfərə yaxın gənci təlimləndirərək, ən azı 10 davamlı icma təşəbbüsünə start verməyə çalışacaqlar. Layihənin uzunmüddətli hədəfi gənclərdən ibarət liderlər şəbəkəsi yaradaraq, ekoloji məsuliyyət mədəniyyətini genişləndirməkdir.

Ətraf mühitin mühafizəsinə töhfə vermək və layihəyə qoşulmaq istəyən gənclər 16 iyul tarixinədək qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/LJtS3

Əlavə məlumat üçün “İRƏLİ” İctimai Birliyi ilə əlaqə saxlaya bilərsiniz: (+994) 70 218 01 26