Filmlərin istehsalı üçün xərclərin qismən geri ödənilməsi qaydaları müəyyənləşib

Zeferinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə şamil edilir:
- film;
- reklam;
- televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);
- internet video oyunları.
Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu Qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür. Məqbul və qeyri-məqbul xərclərin siyahısı və xərc elementləri daxilində məhdudiyyətlər bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunur.
Bu Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:
Nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycan Respublikasında mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra - çəkilmiş xərclər) 25 faizi məbləğində;
- bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra - əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.
Janrından və müddətindən asılı olmayaraq, bir film üzrə təqvim ili ərzində qismən geri ödənilə biləcək məbləğin maksimum həddi 1000000 (bir milyon) ABŞ dolları təşkil edir. Ödəniş ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində edilir.
Qismən geri ödənilmə ilə bağlı müraciət edən şəxs xarici filmlər üçün - filmin xarici istehsalçısının Azərbaycan Respublikasında əməkdaşlıq etdiyi, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxs və ya xarici film istehsalı xidməti göstərən hüquqi şəxslərin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş filialları, birgə istehsal filmləri üçün isə – filmin yerli birgə istehsalçısı olmalıdır.
Barəsində qismən geri ödənilmə üçün müraciət edilən film Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmamalıdır.
Aşağıdakı əsas şərtlərin hər birinə cavab verən filmlərlə bağlı qismən geri ödənilmə üçün müraciət edilə bilər:
- filmin istehsalı mərhələsi üçün xarici filmin istehsalçısının (birgə istehsal filmləri üçün – xarici istehsalçının) müvafiq təqvim ili ərzində Azərbaycan Respublikasında çəkdiyi təsdiqlənmiş xərclərinin minimum məbləği aşağıdakı kimi olmalıdır:
- bədii filmlər üçün - 200000 (iki yüz min) ABŞ dolları;
- sənədli filmlər üçün - 50000 (əlli min) ABŞ dolları;
- animasiya filmləri üçün - 100000 (yüz min) ABŞ dolları;
- çoxseriyalı film üçün (bir seriyaya görə) - 70000 (yetmiş min) ABŞ dolları;
- televiziya şouları üçün - 100000 (yüz min) ABŞ dolları;
- reklam üçün - 30000 (otuz min) ABŞ dolları;
- internet video oyunları üçün - 30000 (otuz min) ABŞ dolları;
- yalnız filmin çəkilişinin tamamlanması mərhələsi üçün – 70000 (yetmiş min) ABŞ dolları;
- çəkilmiş xərclər bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq Azərbaycan Respublikasında vergi uçotuna alınmış hüquqi və ya fiziki şəxslərə, habelə işçilərə pul formasında ödənilmiş olmalı, bütün ödənişlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir;
- bədii, sənədli, animasiya və ya çoxseriyalı filmin çəkilişi mərhələsində təqvim ili ərzində azı 5 (beş), reklamın çəkilişi mərhələsində təqvim ili ərzində azı 2 (iki) çəkiliş günü Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə və ya studiyalarda çəkiliş aparılmalı (animasiya filmlərində - animasiya işləri aparılmalı), yaxud filmin çəkilişinin tamamlanması mərhələsinin bir hissəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;
- Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı əsas yaradıcı və texniki rollardan azı birində filmin çəkiliş qrupunda iştirak etməlidirlər:
- filmlərə və televiziya şoularına münasibətdə - filmin ikinci rejissoru, prodüseri, ikinci rol aktyoru (azı bir nəfər), köməkçi operatoru, istehsal səs mikseri ustası, redaktoru, quruluşçu rəssamı, quruluşçu və ya kostyum dizayneri;
- ümumi büdcənin ən azı 40 faizi məbləğində vəsait çəkiliş heyətində iştirak edəcək Azərbaycan Respublikası vətəndaşlarının əməyinin və ya xidmətlərinin ödənilməsi ilə bağlı xərclənməlidir.
Qismən geri ödənilmə şəklində maliyyələşmə illik müsabiqələr əsasında, “ilk müraciət edən ilk maliyyələşir” prinsipi əsasında, yəni təsdiqlənmiş müraciətlərin xronoloji ardıcıllığı ilə, müvafiq il üçün müəyyən olunmuş ümumi büdcə daxilində həyata keçirilir. Birgə film istehsalı zamanı xarici film istehsalçısının birgə istehsal filminin xərclərindəki iştirak payına mütənasib hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasında çəkilmiş xərclərin bu Qaydalara uyğun müəyyənləşdirilmiş hissəsi geri ödənilir.
Barəsində qismən geri ödənilmə şəklində maliyyələşdirmə üçün müraciət edilən film, vergi güzəştləri və azadolmaları istisna olmaqla, Azərbaycan Respublikası tərəfindən hər hansı təşviq mexanizmindən yararlanmamalı və ya digər qaydada maliyyələşdirilməməlidir.
Film Komissiyası müsabiqə elanı zamanı tətbiq edilən təminatları əvvəlcədən müəyyənləşdirməli və elan etməlidir.
Əlavə mədəniyyət meyarlarına əsasən barəsində qismən geri ödənilmə alınmış filmin yayımlanmasından əvvəl müvafiq bank zəmanəti təqdim edilməlidir.
QərarlamMəqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlərin siyahısı müəyyənləşib.
Məqbul və qeyri-məqbul xərclərin siyahısı və məhdudiyyətlər
Sıra №-si |
Kateqoriya |
Məqbul və qeyri-məqbul xərclər |
Məhdudiyyətlər |
1. |
Kamera, işıq avadanlıqları və film çəkilişi üçün digər texniki avadanlıqların icarəsi ilə bağlı xərclər |
məqbul |
ümumi büdcənin 10 faizindən az, 50 faizindən çox olmamalı |
2. |
Dekor və kostyumların tərtibatı və ya icarəsi ilə bağlı xərclər |
məqbul |
ümumi büdcənin 10 faizindən az, 50 faizindən çox olmamalı |
3. |
Çəkiliş və heyət xərcləri |
məqbul |
ümumi büdcənin 40 faizindən az olmamalı |
4. |
Çəkiliş məkanlarının, studiyaların, səhnələrin, tədbir zallarının icarəsi ilə bağlı xərclər |
məqbul |
ümumi büdcənin 10 faizindən çox olmamalı |
5. |
İstehsal sonrakı xidmət xərcləri |
məqbul |
ümumi büdcənin 20 faizindən çox olmamalı |
6. |
Müəllif hüquqları və ya əlaqəli hüquqlar ilə bağlı xərclər |
məqbul |
|
7. |
İncəsənət və yaradıcılıqla bağlı digər xərclər |
məqbul |
|
8. |
Səyahət, yaşayış və yemək xərcləri |
məqbul |
ümumi büdcənin 15 faizindən çox olmamalı |
9. |
Film büdcəsində əksini tapan digər zəruri xərclər |
məqbul |
ümumi büdcənin 10 faizindən çox olmamalı |
10. |
İnzibati xərclər |
qeyri-məqbul |
|
11. |
Əlaqəsiz xərclər |
qeyri-məqbul |
|
12. |
Əsassız və ya şişirdilmiş xərclər |
qeyri-məqbul |
|
13. |
Müraciətdən əvvəl çəkilmiş xərclər |
qeyri-məqbul |
|
14. |
Amortizasiya |
qeyri-məqbul |
|
15. |
Qeyri-rəsmi xərclər |
qeyri-məqbul |
|
16. |
Azərbaycanda və ya xaricdə çəkildiyi qeyri-müəyyən olan, habelə dəqiq bölünə bilinməyən xərclər |
qeyri-məqbul |
|
17. |
Bank faizləri və digər maliyyələşmə xərcləri |
qeyri-məqbul |
|