FHN silsilə mülki müdafiə kursları keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2025-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən silsilə mülki müdafiə kursları keçirilib.
Bu barədə Zeferinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Şimal Regional Mərkəzi tərəfindən “Sanitar məntəqə komandirləri” və “İctimai asayişi mühafizə manqa komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqa komandirləri”, və “Sanitar manqa komandirləri”, Gəncə Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri”, Cənub Regional Mərkəzi tərəfindən “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” və “Bələdiyyə sədrləri”, Aran Regional Mərkəzi tərəfindən “Radiasiya və kimyadan mühafizə manqalarının komandirləri” və “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər”, Gəncə Regional Mərkəzi tərəfindən “Qəza Texniki Manqa komandirləri” və “İctimai Təhlükəsizliyinin Mühafizəsi Manqa komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.
Kursların keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində maarifləndirmə işinin aparılması, fərdi və kollektiv mühafizə vasitələrindən, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlarından istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.








