Ermənistanda Rusiya Erməniləri İttifaqı başçısının şirkətinə məxsus torpaq sahəsi müsadirə edilir

Ermənistan Antikorrupsiya Məhkəməsi Rusiya Erməniləri İttifaqının başçısı Ara Abramyana məxsus "Soqlasiye Armeniya" şirkətinin torpaq sahəsinin İrəvan icmasının xeyrinə müsadirə edilməsi barədə qərar qəbul edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Baş Prokurorluğun iddiası əsasında iyulun 25-də qəbul edilmiş qərar "datalex.am" saytında dərc edilib. Məhkəmə şirkətin 2800 kvadratmetrdən çox sahəyə mülkiyyət hüququnun dayandırılmasına, onun dövlət qeydiyyatının etibarsız sayılmasına və torpaq sahəsinin İrəvan icmasına qaytarılmasına qərar verib.
Şirkət hesab edir ki, iddia onların qanuni mülkiyyət hüququndan məhrum edilməsinə yönəlib və bu, ölkə konstitusiyasına ziddir. Qərar dərc edildikdən bir ay sonra qüvvəyə minir və könüllü icradan imtina edildiyi təqdirdə məcburi icra edilməlidir.