Ermənistanda ordudan "azad olunma" haqqında qalmaqallı layihə parlamentin gündəliyinə daxil edilməyib

Ermenistanda ordudan "azad olunma" haqqinda qalmaqalli layihe parlamentin gundeliyine daxil edilmeyib
Ordudan "azad olunma" haqqında qalmaqallı qanun layihəsi Ermənistan parlamentinin növbəti sessiyasının gündəliyinə daxil edilməyib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu gün keçirilən iclasda hakim "Vətəndaş müqaviləsi" fraksiyası demək olar ki, tam tərkibdə layihəyə qarşı çıxıb. Burada vitse-spiker Akop Arşakyan istisna təşkil edib. Hətta layihənin müəllifi, deputat Hayk Sarkisyan da layihənin gündəliyə daxil edilməsinə qarşı səs verib.

Sənəd bundan əvvəl müdafiə komissiyasında mənfi rəy almışdı.

Xatırladaq ki, Ermənistan hökuməti mayın 22-də H.Sarkisyan tərəfindən təklif olunan layihəyə müsbət rəy vermişdi. Yenilənmiş versiyada bir aylıq minimum xidmət (təlim kursu) üçün 24 milyon dram (təxminən 62 min dollar), təlim hissəsində dörd aylıq xidmət üçün isə 18 milyon dram (təxminən 46 min dollar) ödəniş tələb edilməsi təklif olunurdu. Layihə həmçinin hüquq müdafiəçiləri tərəfindən tənqid edilmişdi.

Hazırkı ombudsman Anahit Manasyan və keçmiş ombudsman Arman Tatoyan bildirmişdilər ki, təşəbbüs Konstitusiyanın prinsiplərini pozur və sosial ədalətsizlik üçün şərait yaradır.