Elektron kabineti olmayan sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndərilməsi imkanı yaradılıb

Bu barədə Zeferinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron qaydada təqdim olunan iddia ərizələri və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə göndərilir. Müvafiq şəxslərə bu barədə elektron poçt və SMS vasitəsilə məlumat verilir.
Əgər cavabdeh sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyibsə, belə halda iddia ərizəsi ilə bağlı bildiriş və qeydiyyat qaydaları barədə ətraflı məlumat həmin şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə ötürülür və bu barədə məlumat elektron qaydada ona çatdırılır.
Bu yenilik Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilib.