Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – Diasporla İş üzrə Dövlət Komitəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. Komitə informasiya sistemləri və ehtiyatlarını tam şəkildə “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.
“AzInTelecom” Dövlət Komitəsini Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti ilə təmin edib. Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.
“Hökumət buludu” haqqında
“Hökumət buludu” layihəsini AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC icra edir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.