Dəyişən geosiyasi reallıq və Naxçıvanın strateji funksiyasına yeni baxış

Deyisen geosiyasi realliq ve Naxcivanin strateji funksiyasina yeni baxis
Muxtar Respublika Avrasiyanın şahmat taxtasında mərkəz xanalardan birinə çevrilir 

Baxma xəritədə bu qədim diyar,

Kiçik bir nöqtəylə qeyd edilibdir.

Bu yurdun qolunda aslan gücü var,

Burdan cahangirlər peşman gedibdir.

 Əliyar Yusifli

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin müzakirəsi bir daha və yenidən “Şərqin qapısı”nın  geostrateji əhəmiyyəti, Azərbaycanın təhlükəsizliyi, geosiyasi mövqeyi və maraqları, regional, qlobal miqyasda ölkəmizin maraqlarının və ambisiyalarının reallaşması, bölgədə güc tarazlığının qorunması məsələlərində rolunu, funksiyasını gündəliyə gətirdi.

Bu müzakirələrə ehtiyac vardı və bölgəmizdə, Yaxın Şərq regionunda dəyişən şərtlər, geosiyasi reallıq, İsrail-İran hərbi toqquşması kontekstində regional təhlükəsizlik dinamikasına, nəqliyyat dəhlizlərinə  və coğrafiyamızda mürəkkəb dövlətlərarası münasibətlər sisteminə təsir  baxımdan Naxçıvanının geosiyasi funksiyası yeni məna kəsb edir.

Böyük ehtimalla Yaxın Şərq, İran, TürkiyəErmənistan, bütövlükdə Cənubi Qafqazla əlaqədar geosiyasi proseslərin dinamikası yüksək olaraq qalacaq, bu, eyni zamanda qlobal geosiyasi qarşıdurmanın yeni nəqliyyat dəhlizləri coğrafiyasında  daha çox qabarması Naxçıvanın geosiyasi funksiyasına, onun davamlı inkişafı və təhlükəsizliyinə  yeni baxışı zəruri edir. Naxçıvan artıq Avrasiyanın geosiyasi aktiv seqmentlərindən birində mərkəz nöqtədir.

Türk dünyası qovşağının geostrateji əhəmiyyəti

İlk növbədə Naxçıvan gələcək geosiyasi koordinatları məchul olan Ermənistan, yeni transformasiya dövrünə qədəm qoyacaq İran və regional güc mərkəzi uğrunda qətiyyətlə mübarizə aparan Türkiyə ilə sərhəddə yerləşir. Türk dünyasının qovşağına çevrilməsi potensialı yeni geosiyasi reallıqda Naxçıvanın strateji dəyərini artırır.

WhatsApp Image 2025 06 25 at 09.49.59 1

Eyni zamanda Naxçıvan həssas bölgədə, xüsusən hərbi təhdidlərin artdığı mərhələdə Azərbaycanın forpostu rolunu oynayır. Türkiyə ilə quru əlaqəsi olan Naxçıvan  hərbi qarşıdurma ssenarilərində regionda potensial təhdid mənbəyi olan ölkələrə qarşı çoxvektorlu təhlükəsizlik sistemi, preventiv və çəkindirici tədbirlər həyata keçirməyə imkan yaratmaqla,  həm Bakı, həm Ankarının milli təhlükəsizlik planlaşdırılmasında əsas geostrateji  əhəmiyyətə malik məkanlardan biri kimi nəzərdən keçirilməlidir. Ermənistanın Azərbaycana istənilən hərbi avantürası Naxçıvanın onun cənub cinahında olmasının yaratdığı birbaşa strateji çağırışla üzləşəcək. Bu, İrəvan üçün hərbi təhlükəsizlik baxımından əsas çağırışdır və çəkindirici amildir.  2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndinin  azad edilməsi,  1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin nəzarətə götürülməsi bu potensialı əyani nümayiş etdirdi. Bu əməliyyat  böyük strateji əhəmiyyəti İrəvan-Keşişkənd (Yeğeqnadzor) -Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət imkanı verdi. Naxçıvandakı döyüş mövqeləri İrəvanı Ermənistanın cənubu və ilə birləşdirən əsas magistral yola bir neçə istiqamətdə tam vizual, atəş nəzarətinə imkan verir. İrəvan şəhərinə  məsafə isə təxminən 80 kilometrdir…

Naxçıvanın bəlkə də ən mühüm geostrateji funksiyası onun Türkiyə ilə qısa, lakin son dərəcə əhəmiyyətli quru sərhədinin olmasıdır. Bu 15  kilometrlik sərhəd  Azərbaycanın ən yaxın strateji müttəfiqi və NATO üzvü ilə yeganə birbaşa quru əlaqəsidir.  Həm Bakı, həm də Ankara üçün bu sərhəd həyati əhəmiyyət kəsb edir, üçüncü ölkələrdən tranzit keçmədən siyasi, iqtisadi və hərbi əməkdaşlığı asanlaşdırır.

Hazırda Azərbaycanın əsas strateji hədəflərindən olan Zəngəzur dəhlizi ikitərəfli əlaqələrlə yanaşı, bütün türk dünyasının inteqrasiyası üçün transformasiya potensialı daşıyır.  Bu dəhliz Xəzər dənizindən Aralıq dənizinə qədər fasiləsiz nəqliyyat və enerji marşrutu yaradaraq, Mərkəzi Asiyanı Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək. Bu, türk dövlətləri arasında strateji əlaqəni əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq və türk dünyasının inteqrasiyası  baxımından Naxçıvan ən mühüm qapıdır.

İranla qonşuluq və Avrasiyanın şahmat taxtasında mərkəz xanası

Naxçıvanın İranla sərhədi onun geostrateji profilinin daha bir vacib komponentidir.  Zəngəzur-Naxçıvan bölgəsi İran üçün Qara dəniz, şimal istiqamətinə əsas çıxışlardan biridir.  Naxçıvan  tarixən Böyük İpək yolunun üzərində yerləşməsi və əsas keçid nöqtələrindən biri olması ilə strateji dəyər qazanıb. Səfəvi və Osmanlı imperiyalarının geosiyasi rəqabətinin mərkəzi məsələsi məhz bu ticarət yollarına nəzarət idi. Zamanında I Şah Abbas Şərq-Qərb ticarət marşrutunda əsas ipək birjası kimi fəaliyyət göstərən Culfanı dağıtmış, əhalisini İsfahana köçürmüşdü. Şah bununla ipək yolu ticarətini Fars körfəzi regionuna yönəltməyi hədəfləmişdi. Əsrlər keçsə də, bölgəmizdə geosiyasi rəqabətin zəmini dəyişməyib – yenə coğrafiya, ticarət yolları üçün imkanlar, şərtlər var. Herodot deyirdi: “Coğrafiya tarixin ifadəsidir”.

İran 21-ci əsrdə Zəngəzur dəhlizinə qarşı çıxır…

Hazırda Şərqdən Qərbə tranzit üçün alternativ marşrutlar aktuallaşdığı, Mərkəzi Asiyanın fəal geosiyasi məkana çevrildiyi mərhələdə Asiya-Avropa marşutlarının şaxələrindən biri kimi Zəngəzur dəhlizi və Naxçıvan yeni tarixin ön səhnəsinə çıxır. Coğrafi mühitin sürətləndirici və ya ləngidici təsiri vacib geosiyasi resursdur, vaxtında Zəngəzuru ermənilər verməklə geniş türk coğrafiyasının fiziki əlaqəsində ciddi maneə yaradıldı. Siyasi coğrafiya fiziki coğrafiyanın harmoniyasını pozdu və indi isə siyasi səylərlə siyasi coğrafi dizaynın əngəllərinin aradan qalxması əsas strateji vəzifədir. Bu yeni konfiqurasiyada Naxçıvan Avrasiyanın logitika-tranzit şahmat taxtasında mərkəz xanalardan biridir. İranın orta perspektivdə mümkün transformasiyası və  bu mərhələdə Azərbaycanın maraqlarının qorunması, Bakı və Ankaranın ambisiyalarının nəzərə alınmasında Naxçıvan geosiyasi xəritədə əsas dayaq nöqtəsi və rıçaqdır.

WhatsApp Image 2025 06 25 at 09.49.59 2

Şərqin qapısında möhkəmlənmək rəqabəti

Şərqin qapısında möhkəmlənmək və onun Azərbaycanla quru yolu ilə əlaqəsini təmin etmək rəsmi Bakı, Ankara üçün nə qədər  həyati əhəmiyyətlidirsə, İran, Fransa, Ermənistan üçün bu planın qarşısını almaq, Rusiya, ABŞ, Avropa İttifaqı üçün nəzarət imkanları əldə etmək o qədər vacibdir. Təsadüfi deyil ki, 1919-cu il avqust-sentyabr aylarında ABŞ tərəfindən Şərur, Dərələyəz və Naxçıvandan ibarət neytral zona yaradılması, idarəetmənin isə Amerika general-qubernatoruna həvalə edilməsi layihəsi  irəli sürülmüşdü.  İndi isə İran və Fransa, Gorusda konsulluq açıb, Rusiya isə buna can atır.

Zəngəzur dəhlizi artıq böyük ölkələrin Avrasiyada ticarət yollarına nəzarət, bu istiqamətdə maraqlarının təmin edilməsi uğrunda rəqabətinin vacib məsələsinə çevrilib. Böyük ölkələr ilk gedişlərini ediblər, şahmat terminləri ilə desək, hələ debüt mərhələsi başa çatmayıb və bu vacib mərhələdə Naxçıvanın inkişafı, problemlərinin həlli daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb.

Naxçıvan iqtisadiyyatının səmərəliyinin artırılması üçün sürətli addımlara ehtiyac var

Naxçıvanın davamlı inkişafı üçün məqsədyönlü xüsusi tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. İsti yayı və soyuq qışı ilə xarakterizə olunan sərt kontinental iqlim, əsasən dağlıq ərazi ilə birləşərək kənd təsərrüfatı potensialını və heyvandarlığı ciddi şəkildə məhdudlaşdırır. 1989-cu  ildən başlayan və hazırda davam edən Ermənistan tərəfindən Naxçıvanın blokadası ticarəti, investisiyaları və bazarlara çıxışı məhdudlaşdırdı, bu, təbii zəiflikləri daha da gücləndirdi.  Son illər Naxçıvanda davamlı inkişaf proqramlarının həyata keçirilməsi diqqət mərkəzindədir. Dövlət başçısı tərəfindən Qara­bağ və Şərqi Zəngəzurla bərabər, Naxçı­vanı da “yaşıl enerji” zonası elan edilməsi, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, idarəçilik islahatları, İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi, Zəngəzur dəhlizinin bir hissəsi kimi Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına başlanması  iqtisadi inkişafa mühüm töhfə verəcək. Bu təşəbbüsləri irəli sürməklə Prezident İlham Əliyev bir daha Naxçıvanın iqtisadi inkişafının diqqət mərkəzində olduğunu, planlı fəaliyyət həyata keçirildiyini  göstərdi.

ilhammmmm

Bütün bu addımlar Naxçıvanın iqtisadi potensialından dolğun istifadə edilməsi ilə əlaqədar möhkəm bünövrə yaradıb, hazırda yerli iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, qonşu ölkələrlə ticarətin inkişafı, nəqliyyat xərcləri üçün xüsusi güzəştlər sisteminin formalaşdırılması, güzəştli kreditlərin verilməsi, idarəçilik islahatlarının davam etdirilməsi istiqamətində əlavə səylərə, daha sürətli addımlara ehtiyac var. Naxçıvan iqtisadiyyatının inkişafına güclü təkan vermək zərurəti yaranıb. Bu istiqamətlər üzrə  “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda tədbirlər nəzərdə tutulub. Lakin,  zəruri bir sıra vacib addımlar ləngiyir və bu sürət zamanın çağırışları ilə ayaqlaşmağa imkan vermir.

Keçmiş, indiki zaman və  gələcək – ayrılmaz bir prosesdir

Naxçıvanın əsrlərdən süzülən, ənənələr, saysız nümunələrlə cilalanmış, çağdaş tariximizdə parlaq təzahür edən özünəməxsus  siyasi irsi, təcrübəsi var.  Bu təcrübə, irs  tarixin kritik anlarında milli oyanış, dirçəliş proseslərinin başlanmasında, dövlətçilik instinktlərinin diri tutulmasında öz sözünü deyib, vacib amilə çevrilib. Tarixi zərurət və qanunauyğunluq haqqında məşhur ifadə var: “Az şey lazımi anda baş verir, çox şey isə ümumiyyətlə baş vermir”.  3 sentyabr 1991-ci ildə muxtar respublika sakinlərinin, deputatların tələbi, xahişi  ilə Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi məhz zamanında  baş verən azasylı tarixi hadisələrdən biri idi.  Beləliklə müstəqilliyimizin təməl daşlarından biri qoyuldu. Həmin dövrdə, istiliyin, elektrik enerjsinin  olmadığı, o məşəqqətli günlərdə Ulu Öndərin soyuq, yarıqaranlıq iş otağında yanan çıraq bütün Azərbaycanın ümid işığıydı…

Ulu öndər naxçıvanlıların sabaha inamını özlərinə qaytardı, ağır blokada şəraitində olmasına baxmayaraq, tənəzzülün qarşısı alındı, quruculuq prosesi başladı.  Bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən qərarlar qəbul edildi, Naxçıvan işğal təhlükəsindən qurtuldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 Günlük Vətən Müharibəsində tarixi qələbəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunmasıy ilə dövlətimizin Zəfər tarixi başladı və yeni inkişaf mərhələsində Naxçıvan üçün  böyük perspektivlər açılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə  İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına başlanması, hərbi potensialın gücləndirilməsi, idarəçilik islahatları  dövlət başçısının strateji vizyonunu nümayiş etdirir. Həmçinin, Naxçıvanın yaşıl enerji dəhlizinə, türk coğrafiyasının əlaqəsini təmin edəcək qovşağa çevrilməsi yönündə addımlar bu vizyonun bir parçasıdır.

Prezident İlham Əliyevin liderliyi ilə 36 il əvvəl  çıraqla işıqlandırılan diyar, indi yaşıl enerji ixrac edəcək, Zəngəzurla türk dünyasını qovuşduracaq.  Prezidentin bu strategiyası  zamanın qapısını yumruqlayan çağırışlara uyğun olaraq  hökumət, dövlət orqanları tərəfindən məhz bu səviyyədə effektivliklə həyata keçirilməlidir.

zaur ibrahimli 12

Zaur İbrahimli: Politoloq “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB sədri