Cənubi Qafqazda sülhə doğru: Trampın rolu və 8 Avqust müqaviləsinin əhəmiyyəti — Rauf Zeyni şərh edir

Son illərdə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan, 8 avqustda imzalanacaq sülh müqaviləsi region üçün yeni mərhələ hesab olunur. ABŞ-ın bu prosesdə oynadığı rol da xüsusi diqqət çəkir.
Bu mövzu ilə bağlı “İmzalanacaq sülh müqaviləsi və Trampın bu prosesdəki rolunu necə qiymətləndirirsiniz?” sualı siyasi şərhçi Rauf Zeyni tərəfindən Yenifikir.media üçün cavablandırılıb.
Rauf Zeyni bildirir ki, Azərbaycan xalqı 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmasını, torpaqlarımızın işğaldan sülh yolu, danışıqlar və diplomatiya vasitəsilə azad edilməsini həsrətlə gözlədi. Lakin təəssüf ki, BMT uzun illər bu qətnamələri yerinə yetirə bilmədi və nəticədə Azərbaycan dövləti öz torpaqlarını hərb yolu ilə azad etmək məcburiyyətində qaldı.
Antiterror əməliyyatları nəticəsində ölkəmiz düşmən tapdağında olan torpaqlarını tam şəkildə azad etdi. Düşmən torpaqlarımızdan qovuldu, Azərbaycan suverenliyini, ərazi bütövlüyünü və konstitusion hakimiyyətini tam bərpa etdi. Bu, xalqımız, dövlətimiz və ordumuz üçün tarixi qələbə, böyük zəfərdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bu şanlı zəfər əldə olundu.
Artıq beş ildir ki, müxtəlif formatlarda sülh danışıqları davam edir. Nəhayət, bu gün – 8 avqustda tarixi sülh sazişinin imzalanması gözlənilir. Sazişin imzalanacağı yer barədə müxtəlif versiyalar səslənirdi – Rusiyada, Gürcüstanda, Türkiyədə. Lakin nəticədə ABŞ-ın paytaxtı Vaşinqtonda belə bir tarixi sənədin imzalanması planlaşdırılıb.
Bu hadisə xalqımız, dövlətimiz və millətimiz üçün böyük sevinc mənbəyidir. Rauf Zeyni hesab edir ki, bu saziş Cənubi Qafqazda sabitliyin və inkişafın təmin olunmasına xidmət edəcək.
Bu tarixi sülh sazişi münasibətilə xalqımızı və millətimizi təbrik edir, hər kəsə uğurlar arzulayır. Eyni zamanda ABŞ prezidenti cənab Trampın bu prosesdəki xüsusi xidmətlərini də vurğulayır. ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq memorandumu da mühüm bir hadisə kimi dəyərləndirilməlidir.
Rauf Zeyni inanır ki, bu saziş regionda sülhün və stabilliyin qorunub saxlanmasına, əlaqələrin və iqtisadiyyatın inkişafına möhkəm zəmin yaradacaq. Biz də regionda sabitliyin təminatçısı olan dövlət kimi sülhün qorunması üçün əlimizdən gələni etməli, bu sazişin bölgənin inkişafına xidmət etməsini təmin etməliyik.
Yenifikir.media