Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
Dəniz Kənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev səhhəti ilə əlaqədar məhkəmə istintaqının mümkün qədər tez yekunlaşdırmağı xahiş edib.
Zeferinfo.az-ın məlumatına görə, o bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevlə birgə ittiham edildiyi cinayət işi ilə bağlı prosesdə deyib.
Belə ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən İlqar Mustafayev məhkəmə istintaqının tez yekunlaşmasının istəməsinə səbəb kimi iki həftə əvvəl ağır əməliyyat keçirdiyini göstərib və səhhətində ciddi problemlər olduğunu deyib.
Həmçinin prosesdə Dəniz Kənarı Bulvar İdarəsinin nümayəndəsi sualları cavablandırıb.
İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli Dənizkənarı Bulvar İdarəsinin nümayəndəsinə Hesablama Palatasının müvəkkilinə dəniz suyunun duzsuzlaşdırılması sisteminin quraşdırılmaması ilə bağlı tutduğu iradın aradan qaldırılıb - qaldırılmadığını soruşub. Nümayəndə bu sistemin hələ də quraşdırılmadığını deyib.
Prosesdə ifadə verən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi deyib ki, Dəniz Kənarı Bulvar İdarəsində vergi yoxlaması keçirilən zaman məlum olub ki, 2022-2024-cü illərdə həmin ərazilərdə yerləşən icarəyə verilmiş iaşə obyektlərində icarə haqqı müəyyən edilməyib. Həmçinin sözügedən dövr ərzində bulvarda fəaliyyət göstərən "Mirvari" gəmisində 44 475 nəfər sərnişin daşınıb, lakin onlarla bağlı hər hansı bir sənədləşmə aparılmayıb. Bu hallar vergidən yayınmaya səbəb olub.
Vəkil İsmayıl Kəngərli deyib ki, ekspertlər bulvarda batut (uşaqlar üçün atraksion) işlədən şəxslərdən icarə haqqını hər ay 20 000 manat, orada fəaliyyət göstərən restoranların icarə haqqını isə 2000 manat göstərib.
"Bu reallığı əks etdirmir. Batut işlədən nə qədər qazanır ki, aylıq 20 000 manat icarə haqqı ödəsin", - vəkil bildirib.
Növbəti iclas dekabrın 22-nə təyin olunub.