Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub - RƏSMİ

Bu ilin yeddi ayinda IIV-e yoluxanlarin sayi melum olub - RESMI
Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 749 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 542 nəfəri kişi, 207 nəfəri qadındır.

Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir.

"Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib addımlar — İİV/QİÇS barədə maariflənmək, təhlükəli və riskli davranışlardan çəkinmək, İİV-ə testdən keçmək və zəruri hallarda həkim məsləhəti almaqdır. Ölkədə İİV-ə müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional İİV laboratoriyalarında ödənişsiz, anonim qaydada, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir", - məlumatda qeyd olunub.