Bu gün 15-illik çalışdığım qurumda haqlı mübarizəmə son qoydum

Bu gün 15 ildir çalışdığım qurumda haqlı mübarizəmi sonlandırdım.
Bəlkə də, buna əsəblərim yetmədi. Bəlkə də, illərdir şahidi olduğum özbaşınalıq və rüşvət məni bu qərarı verməyə məcbur etdi. Əslində, bu illər ərzində mənim üzərimdə qurulmuş bir plan var idi. Onlar qohumlarını və öz mənafeləri naminə baş əyənləri ətraflarına toplayaraq, “xalqa xidmət” adı altında kirli işlərini həyata keçirir, milyonlarla manatı şəxsi büdcələrinə yönləndirirlər.
Əlbəttə ki, mənim kimi insan — xüsusilə də ictimai fəaliyyətimə başladıqdan sonra — onlar üçün təhdid hesab olunurdu. Mənim həmin qurumda çalışaraq bütün bu halların şahidi olmağım, sanki onların əlində “saatlı bomba” idi. Çünki onlara nə işini vicdanla görən əməkdaş, nə vətənə xidmət edən insan, nə də dövlətinə bağlı vətəndaş lazım deyil. Bu dəyərlər onların düşüncə tərzinə ziddir.
İllərlə mənə qarşı edilən haqsızlıqlar, tutduğum vəzifədən irəli getməyimə imkan verilməməsi, üstəlik, vaxtilə rüşvət aldıqlarını sübut edərək vəzifədən azad etdirdiyim şəxslərin yenidən vəzifəyə gətirilib himayə olunması məni mənəvi baxımdan çox yordu. 15 ilin sonunda “struktur dəyişikliyi” bəhanəsi ilə vəzifəm, dərəcəm və əməkhaqqım azaldıldı. Onlar yaxşı bilirdilər ki, bu qədər əziyyətdən sonra bu hörmətsizliyə dözməyəcəyəm və işdən çıxacağam. Çünki məni yalnız bu yolla uzaqlaşdırmaq mümkün idi.
Mən isə bundan sonra vaxtilə rüşvətə görə vəzifədən uzaqlaşdırdığım şəxslərin rəhbərliyi altında işləməyəcəyəm. Mənim kimi ictimai fəal və sözünü deyə bilən bir şəxsə bu cür haqsızlıqlar edilirsə, təsəvvür edin ki, hüquqlarını bilməyən əməkdaşlara nələr olunur.
15 il vicdanla və nöqsansız işlədiyim bir işdə bir addım belə irəliləyə bilməməyim göstərir ki, SOCAR Azəriqaz İstehsalat Birliyində vəzifədə irəliləmək üçün ya rüşvətxor, ya yaltaq olmalısan, ya da yüksək vəzifədə qohumun olmalıdır. Burada nə sənin işinə, nə peşəkarlığına, nə də dövlətə bağlılığına əhəmiyyət verən var.
15 illik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azəriqaz İstehsalat Birliyində keçmiş Baş direktor Ruslan Əliyevin qurduğu özbaşınalıq sistemi, yeni direktor Azər Məmmədov tərəfindən də davam etdirilir. Bütün peşəkar işçilər uzaqlaşdırılır, məqsəd isə tutulan vəzifələrdən maksimum şəxsi mənfəət əldə etməkdir.
İndi mənə bir sual maraqlıdır: Bu qədər fəaliyyətimizə rəğmən, mən və mənim kimi haqsız yerə işdən çıxarılan əməkdaşların hüquqlarını kim müdafiə edəcək? Bu rüşvət sisteminin çarxının dayanması üçün biz nə qədər mübarizə aparmalıyıq? Hara müraciət etməliyik və necə nəticə ala bilərik?
Azəriqaz İstehsalat Birliyi haqqında bildiyim və zaman-zaman yazdığım heç bir məlumat gizli qalmayacaq. Mütləq bir gün səsimi aidiyyəti qurumlar eşidəcək və bu rüşvətxorlar haqqında ölkə rəhbəri, cənab Prezident İlham Əliyev lazımi tədbirləri görəcək. O zaman anlayacaqlar ki, bu ölkə sahibsiz deyil və Azəriqaz İstehsalat Birliyi heç kimin şəxsi mülkü deyil ki, istədiyi adamı işdən çıxarıb yerinə qohumunu gətirsin.
Ramil Əliyev