Zeferinfo.az-ın məlumatına görə, Bornova Bələdiyyəsi Muzeylər Müdirliyində keçirilən tədbirdə 100 il əvvəl Qərbi Azərbaycandan Türkiyəyə köç etmiş azərbaycanlılar da iştirak ediblər.
Tədbir Roza İbadova Kocamazın təqdimatında keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi anılıb, İstiqlal Marşı səsləndirilib.
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının Basın-STK məsul müavini, eyni zamanda İzmir Avropa Qazetecilər Dərnəyinin rəhbəri Bora Koçu, Azərbaycan və Türkiyənin bu davaya birgə sahib çıxdığını vurğulayaraq, Qarabağ məsələsində olduğu kimi, Qərbi Azərbaycan məsələsinin də ortaq davamız olduğunu qeyd edib.
Daha sonra Federasiyanın sədri İsa Ambarcı çıxış edərək Qərbi Azərbaycan və bu istiqamətdə aparılmalı olan mübarizədən danışıb. O bildirib ki, hələ illər əvvəl Federasiya qurularkən onun nizamnaməsinə Qarabağla birlikdə Qərbi Azərbaycan və Zəngəzur məsələsinin də daxil edilməsi xüsusi yer alıb.
Media Araşdırmaları və Monitorinq Mərkəzinin sədri, jurnalist Zaur Qəriboğlu “iki dövlət, bir millət” şüarından yola çıxaraq, Qərbi Azərbaycandan qovulan insanların haqları uğrunda birgə mübarizə aparılmasının vacibliyini qeyd edib. O, Azərbaycanın heç bir torpaq iddiasında olmadığını, yalnız min illər boyunca həmin torpaqlarda yaşamış və 1988-ci ildə qovulmuş türklərin hüquqlarının bərpa edilməsini istədiklərini bildirib.
Qərbi Azərbaycandan 1988-ci ildə qovulan jurnalist, Qərbi Azərbaycan Topluluğu Qadınlar Şurasının üzvü Nigar Ögeday həmin günlərlə bağlı xatirələrini bölüşərək, bir gün doğma torpaqlara dönəcəyinə inandığını bildirib. Kiçik bir qız olmasına baxmayaraq, o gündən bu günə qədər bu yolda mübarizə apardıqlarını vurğulayıb və ümidvar olduğunu bildirib ki, Azərbaycan və Türkiyə dövlətlərinin həyata keçirdiyi ağıllı siyasət nəticəsində çox yaxın vaxtlarda yenidən ata-baba yurdlarına dönəcəklər.
Tədbirin aparıcısı, Azərbaycanı Türkiyədə sənəti ilə təmsil edən Roza İbadova Kocamaz da çıxış edərək Aşıq Ələsgər yaradıcılığından söz açıb. O, Qərbi Azərbaycanın Türk ədəbiyyatına bəxş etdiyi dəyərli ozan Aşıq Ələsgərlə yanaşı, ömrünü Qarabağın azadlığına həsr etmiş mərhum millət vəkili Qənirə Paşayevanı da ehtiramla yad edib. Tədbirin sonunda Qənirə Paşayevanın yazdığı "Türkiyəm" şeirini səsləndirərək tədbiri yekunlaşdırıb.
Qeyd edək ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Media Araşdırmaları və Monitorinq Mərkəzi və Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.