“Biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik” – Anar Zamanov

“Biz emekdaslarimizin pesekarligi ile fexr edirik” – Anar Zamanov

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Ulusal.az xəbər verir ki, Bakı Metropolitenindən verilən məlumata görə hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.  Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib. Bununla bağlı Bakı Metropolitenin Hərəkət xidmətinin rəisi Anar Zamanov  öz fikirlərini bildirib:

“Bu gün Bakı metropoliteninin tarixində unudulmaz bir hadisə baş verib. Bakı metrosunda ilk dəfə səhər saatlarında – təxminən 07:40 radələrində – “20 Yanvar” stansiyasında bir qadın dünyaya övlad gətirib. Stansiya əməkdaşlarımızın çevik reaksiyası və peşəkar yanaşması sayəsində qadına dərhal ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası zəruri müdaxilə edib və ana ilə körpə saat 08:06-da xəstəxanaya yola salınıblar.

Bu hadisə bir daha sübut etdi ki, Bakı metropoliteninin kollektivi təkcə texniki təhlükəsizlik baxımından deyil, insan həyatı ilə bağlı fövqəladə hallarda da hazırlıqlıdır.

Dünya təcrübəsində bu kimi hallar az da olsa qeydə alınır. Hər zaman əsas olan insan həyatıdır və bu baxımdan biz əməkdaşlarımızın peşəkarlığı ilə fəxr edirik”.