Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edildi
Baş Prokurorluğun vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Bu barədə Zeferinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhəri Qaradağ rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Əkbər Xəlilovun öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əkbər Xəlilov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.