Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Mərkəzi Asiya və Qafqaz üçün rəqəmsal bağlantı” mövzusunda seminar keçirilib.
Zeferinfo.az xəbər verir ki, seminarın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbirin mövzusunun regionun inkişafı və gələcək rifahı üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunub ki, hazırda tikintisi davam edən Transxəzər fiber-optik kabel layihəsi Avropa ilə Asiyanı birləşdirən yüksəksürətli və təhlükəsiz alternativ marşrut yaradaraq Azərbaycanı regional rəqəmsal mərkəzə çevirəcək.
Samir Məmmədov bildirib ki, dayanıqlı genişzolaqlı internet infrastrukturunun qurulması, habelə “2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi və Milli Süni İntellekt Mərkəzinin yaradılması Azərbaycanda rəqəmsal transformasiyanı gücləndirəcək əsas təşəbbüslərdəndir.
Tədbir çərçivəsində iki ölkənin nazirləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi arasında İKT və poçt xidmətləri sahələrində Əməkdaşlıq Memorandumu”nun mübadilə mərasimi keçirilib.
Daha sonra Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ilə Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyində dövlət naziri Noriko Horiuçi arasında ikitərəfli görüş keçirilib.
Görüşdə yeni texnologiyalar, xüsusilə süni intellekt və əşyaların interneti kimi prioritet sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Memorandumun icrası məqsədilə işçi qrupunun yaradılması və iş planının hazırlanması barədə razılığa gəlinib.
.jpeg)


