Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib

Bakida “Geleceyin mediasi: “Ekinci”nin izi ile” movzusunda Forum kecirilib
 

Medianın İnkişafı Agentliyi (MEDİA) və “Azerconnect Group”un birgə əməkdaşlığı çərçivəsində milli mətbuatın 150 illiyi münasibətilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib.

Zeferinfo.az xəbər verir ki, açılış mərasimində “Azerconnect Group” baş direktoru Emil Məsimov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış ediblər.

Məlumat üçün bildirək ki, Forum “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutan Azərbaycan mediasının bu il 150 illik yubileyi münasibətilə rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, medianın gələcəyi və gənclərin bu prosesdəki rolunun əhəmiyyəti, onların informasiya istehsalında fəal iştirakı və dəyişən media reallıqları ilə bağlı düşüncələrinin təkmilləşdirilməsi, gənclər üçün təcrübəli media nümayəndələri ilə şəbəkələşmə imkanlarının yaradılması, eyni zamanda bu sahədə kadr potensialının və məşğulluq imkanlarının artırılması məqsədilə keçirilir.

Forum çərçivəsində jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan 100 nəfərə yaxın tələbənin iştirakı ilə mətbuat tarixi, media təhsili və məşğulluq imkanları, habelə mediada innovasiyaların və texnologiyanın tətbiqi kimi mövzularda peşəkar media nümayəndələri, ekspertlərin iştirakı ilə panel ssesiya, təlim və üzbəüz görüşlərin təşkil edilməsi planlaşdırılır.

Belə ki, tədbir zamanı “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” adlı panel sessiya və “Media peşəkarlığı və yeni nəsil jurnalistika” adlı “One-on-one” formatlı görüş keçiriləcək.

Bundan əlavə, “Müasir dövr mediasında gənclər üçün məşğulluq imkanları” və “Süni intellektin jurnalistikada rolu” mövzusunda təlimlərin keçirilməsi də Forumun proqramına daxil edilib.

Sonda isə təlimlər və şəbəkələşmə görüşündə aktiv olan, həmçinin keçiriləcək “quiz”də ən yüksək göstəricisi olan 40 gəncə hədiyyələr təqdim olunacaq.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov tədbirdə çıxış edərək bildirib ki, Milli mətbuatımızın 150 illik yubileyində məhz gənclərə yönəlik belə bir mötəbər forumun keçirilməsi ideyası təsadüfən yaranmayıb.

İcraçı direktor bildirib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin qəzet təsis etmək ideyası məhz gənc yaşlarında yaranıb və çoxsaylı cəhdlərindən sonra bu ideyanı yalnız 1875-ci ildə reallaşdıra bilib:

“Azərbaycan milli mətbuatının yaradıcılarının hamısı - Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və adlarını bu cərgədə qürurla ana biləcəyimiz bütün maarifçi ziyalılarının hamısı gənc yaşlarında belə təşəbbüslə çıxış ediblər.

Onlar dövrün özünəməxsus çətinliklərinə, müxtəlif maneələrinə baxmayaraq, məqsədlərinə çatıblar. 150 illik mətbuatımızın tarixini yaradanlar Azərbaycanın ilk maarifçi gəncləri olublar. Biz bu gün zəngin tariximiz haqqında danışırıq, amma unutmayaq ki, bu, gənclərin yaratdığı tarixdir və bu prosesin məntiqi nəticəsi olaraq milli mətbuatımızın hazırkı estafetini də yeni nəsil gənclər, yəni sizlər qəbul etməlisiniz”.

“Azerconnect Group” baş direktoru Emil Məsimov isə çıxışında qeyd edib ki, biz korporativ sosial məsuliyyət çərçivəsində bu tipli təşəbbüsləri daim dəstəkləmişik. Lakin bu, ilk dəfədir ki, media sahəsinin peşəkarlarını bir araya gətirən bir qurumla birlikdə tədbiri daha ciddi və faydalı formatda həyata keçiririk.

Baş direktor xatırladıb ki, Azərbaycan milli mətbuatının əsası “Əkinçi” qəzeti ilə qoyulub:

“Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan bu qəzet milli mədəni dəyərlərimizin qorunması və təbliği kimi məqsədlərə xidmət edib. Bu gün də həmin məqsəd ətrafında müxtəlif qurumlar və media mütəxəssisləri fəaliyyətini davam etdirirlər”.