Bakı Limanına baş direktor təyin edilib

ADY-dən Zeferinfo.az-a verilən məlumata görə, Eldar Adil oğlu Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.
E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.
E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.