“AzerGold” QSC-nin stendində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Smartminting” texnologiyası əsasında üçölçülü formatda ərsəyə gətirilmiş “100 il və onun fövqündə bir irs” qızıl sikkəsi, İçərişəhərə, həmçinin Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş qızıl sikkə, yeni nəsil “Bakı” gümüş sikkəsi və digər tematik sikkələr yer alıb.
Sərgidə dövlət şirkətinin fəaliyyəti, xüsusilə “Şuşa”, “Qarabağ inciləri”, “Natəvan” sikkələri, onların ifadə etdiyi tarixi-mədəni mesajlar barədə xarici qonaqlara ətraflı məlumatlar verilib. Stenddə, həmçinin yaxın zamanda satışa təqdim ediləcək “Laçın” qızıl və gümüş kolleksiyasının dizaynı ictimaiyyətə təqdim edilib. Nümunələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.