“AzerGold” QSC-də Çin nümayəndə heyəti ilə görüş keçirilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə “China Export & Credit Insurance Corporation” (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik, emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir.
Görüş çərçivəsində tərəflər Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb.
Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar. Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, DDF MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” MMC illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir. Qeyd edək ki, Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.