Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir

Zeferinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yükün göndərilməsi Energetika Nazirliyi tərəfindən təmin edilir.
Bu mərhələdə yardım 9 tırdan ibarət yük avtomobili ilə yola salınır. Avadanlıqlar Azərbaycanda istehsal olunub.
Qeyd edək ki, Sərəncama əsasən göndərilən humanitar yardımın ilk hissəsi avqustun 13-də 10 tırdan ibarət yük avtomobili ilə yola salınıb.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları həcmində olan humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 25 ədəd generator, yeddi dəst transformator daxildir.
Bundan öncə də Azərbaycan elektrik təchizatı ilə əlaqədar Ukraynaya humanitar yardım göndərib. Müharibə şəraiti ilə əlaqədar Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.
Avadanlıqların göndərilməsində məqsəd Ukraynada davam edən müharibədən zərər çəkən ərazilərin elektrik enerjisi ilə təchizatının bərpasına dəstək göstərməkdir.